Niyə hər zaman sən, Balotelli? – Yazı+Fotolar
“O, qəribə bir insandır, fikri bizimlə deyil”.
Bu sözləri İtaliyanın “Breşiya” klubunun prezidenti Massimo Çellino Mario Balotelli haqda deyib. İtaliyalı funksionerin sözlərinə görə, 29 yaşlı hücumçu yersiz hərəkətlər edir və o, mövsümün sonunda A Seriyası təmsilçisindən ayrılacaq. “Breşiya” ilə məşqlərə qatılmayan Balotellinin növbəti ünvanı isə maraqla gözlənilir. Daha əvvəl karyerasında bir neçə dəfə klub dəyişən, daha çox intizamsızlığıyla gündəmə gələn Balotellinin bir zamanlar İtaliyanın ən güclü hücumçularından olacağı deyilirdi. Bəs nə oldu ki, Mario dünyanın ən güclü futbolçularından ola bilmədi. Buna əngəl olan nə idi?
Peşəkar futbolçu karyerasına 2006-cı ildə, İtaliyanın “Lumatsena” klubunda başlayan Mario Balotellinin uşaqlığı gərgin keçib. İki yaşında qorxulu xəstəliklə mübarizə aparan gələcəyin futbolçusu, ailəsi tərəfindən övladlığa verilib. Fransesko və Silvia Balotelliyə övladlıq olaraq verilən Mario, həm doğma ailəsi, həm də övladlığa götürüldüyü ailəylə birgə vaxt keçirib. Ancaq daha sonra maddi vəziyyətə görə, Mario ailəsinin yanından köçür. Hücumçu, AÇ-2012-də İtaliya milli komandasıyla vurduğu bütün qolları Silvia Balotelliyə həsr etmişdi.
Vətəndaşlığı olmayan futbolçu “Barselona”da baxışda
Balotelli “Lumatsena”da qısa zaman kəsiyində diqqəti özünə çəkməyə başlayır. 15 yaşında C Seriyası təmsilçisiylə ilk oyununa çıxan forvard, həmin ilin avqustunda ölkəsinin nəhənglərindən sayılan “İnter” klubunun 19 yaşlılardan ibarət komandasına qoşulur və 2007-ci ildə əsas komandaya yüksəlməyi bacarır. Buna qədər iki dəfə “Barselona”da baxışda olmasına baxmayaraq, kataloniyalıların komandasında çıxış edə bilmir. Buna səbəb, həmin dövrdə Balotellinin vətəndaşlığının tam rəsmiləşməməsi idi. Forvard qanalı hesab edilirdi və bu səbəbdən problemlər yaşamışdı. Balotelli 18 yaşında övladlığa verildiyi ailənin rəsmi oğlu sayılmırdı. Hücumçu, 2008-ci ildən rəsmi olaraq İtaliya vətəndaşı olub.
“İnter”də bir “Milan” fanatı var
2010-cu ilə qədər “neradzurra”nın uğurları üçün çalışan Balotelli, iştirak etdiyi 59 oyunda 20 qol vuraraq, futbol dünyasında öz adından söz etdirməyi bacardı. “İnter”lə ilk rəsmi oyununa 2007-ci lin dekabrında çıxan hücumçu, “Kalyari” ilə matçın 90-cı dəqiqəsində meydana daxil olmuşdu. Daha sonra “Recina” ilə kubok matçında iştirak edən forvard, iki qolla yadda qalır. İtaliyalı futbolçu bu komandayla A Seriyasında fərqlənmək üçün iki il gözləməli olub. Balotelli, ölkə çempionatında ilk qolunu 2008-ci ilin aprelində – “Atalanta” ilə matçda vurub.
Mario, 2008-ci ildə, Çempionlar Liqasında “Anortosis”lə oyunda fərqlənərək, ÇL-də qol vuran ən gənc “İnter”li futbolçu ünvanına da sahib olmuşdu.
O, “İnter”in formasını geyinsə də, bu komandanın əzəli rəqibi olan “Milan”ın fanatı olduğunu da gizlətməyib. Həm intizamsız davranışları, həm də İtaliyanın telekanallarının birində “qırmızı-qaralar”ın azarkeşi olduğunu etiraf etməsi, Marionun “İnter”dən ayrılmasına gətirib çıxaran amillərdən idi. Balotellinin İtaliyadan ayrılmasının əsas səbəbi isə azarkeşlər tərəfindən sevilməməsi və tez-tez irqçiliyə məruz qalması idi. Beləcə, o, 2010-cu ildə həmin dövr üçün elə də az olmayan – 29 milyon avro qarşılığında “Mançester Siti”yə transfer olunur.
“Niyə hər zaman mən?” deyib, etiraz edən “Super Mario”
“Mançester Siti”yə transfer olunduqda Balotellinin 20 yaşı var idi. “Şəhərlilər”in üzvü olan hücumçu, qadınlara aid həbsxanada palataya zorla daxil olmaq istədiyinə görə, ədliyyə işçiləri tərəfindən saxlanılmış və yarım saat sonra sərbəst buraxılmışdı. 2010-2013-cü illər aralığında “Mançester Siti” ilə 54 oyuna 20 qol vuran Balotelli, komandanın baş məşqçisi Roberto Mançini ilə yaşadığı problemlərə görə İngiltərədən ayrıldı. O, bundan əlavə, intizamsız hərəkətləri ucbatından bir neçə dəfə pul cəriməsinə məruz qalıb, bir neçə aylıq da komandadan uzaqlaşdırılmışdı. Balotelli, cərimələriylə razılaşmayıb, klubu məhkəməyə vermək istəsə də, son anda fikrindən daşınmışdı. “Mançester Siti”də tez-tez tənqidlərə məruz qalan hücumçu, 2011/12 mövsümdə Premyer Liqada “Mançester Yunayted”lə matçda qol vurduqdan sonra formasını çıxarıb, altdakı köynəkdə “Niyə həmişə mən?” yazısını nümayiş etdirərək, diqqətləri üzərinə çəkmişdi. Hücumçu, MS-də oynayarkən özünə “Super Mario” ləqəbini də qazanmışdı.
Şevçenkonun rekorduna şərik oldu
“Mançester Siti”də xoşbəxt olmayan Balotelli, 2013-cü ildə yenidən İtaliyaya qayıdır. Bu dəfə o, sevimli komandası “Milan”a transfer olunur. “Qırmızı-qaralar”la ilk rəsmi oyununda iki qol vuran Balotelli, bu komandayla ümumilikdə 43 matçda 26 dəfə fərqlənib. Balotelli, “Milan”da ilk altı oyununda yeddi qol vuraraq, Andrey Şevçenkonun da rekordunu təkrarlamışdı. Ancaq sözügedən mövsümdə “Milan” Çempionlar Liqasına vəsiqə qazanmadığı üçün, Mario komandanı tərk etmək qərarına gəlmişdi. İcarə əsasında “Liverpul”a keçən Balotellinin Mersisayd klubundakı oyunu da uğurlu alınmır. Bu komandayla cəmi 16 oyuna çıxan hücumçu, bir dəfə rəqib qapılarına yol tapır və “Liverpul” macərası da qısa çəkir.
Komandasının ən yüksək ödənişli futbolçusu
“Milan”a qayıtdıqdan sonra komandada istənilməyən Mario, 2016-cı ilin yayında azad agent kimi Fransanın “Nitsa” klubuna keçir. O, Fransa klubunda ən çox maaş alan futbolçu idi. Mario “Nitsa”da aylıq 450 min avroya yaxın maaş alırdı. Balotelli, klub karyerasının ən yaxşı göstəricilərinə də məhz Liqa 1 klubunda nail olub. 2018-ci ilə qədər “Nitsa”da çıxış edən hücumçu, 61 oyunda 33 qol vurub.
2019-cu ildə Liqa 1-in digər klubu “Marsel”ə keçən Balotelli, burda da möhkəmlənə bilmir. Və həmin ilin yayında İtaliyaya qayıdır – “Breşiya” klubuna keçir. Daha əvvəl açıqlamalarında bu klubda oynamaq istədiyini etiraf edən hücumçu, sözünə sadiq qalır və A Seriyasının debütantıyla üç illik müqavilə imzalayır.
Arzuladığı komandaya keçib, intizamsızlıq etdi
Hazırda da bu kluba məxsus olan forvard, yenidən intizamsız davranışlarıyla gündəmdədir. İtaliya mətbuatının iddiasına görə, hücumçu əsas komandanın məşqlərinə qatılmır. “Breşiya” klubunun prezidenti Massimo Çellino da artıq Balotellinin mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. A Seriyasında 19 matçda 5 qol vuran Balotellinin Braziliyaya üz tutacağı gözlənilir.
İtalyanların tez sönən ulduzu
21 yaşadək futbolçulardan ibarət İtaliya milli komandasında 2006-cı ildə debüt edən Balotelli, bu yığmayla 16 oyunda 6 qol vurub əsas komandaya yüksəlməyi bacarmışdı. Balotelli, İtaliya yığmasının AÇ-2012-də finala yüksəlməsində əsas pay sahibi olan futbolçulardan idi. O, AÇ tarixində bir oyunda iki qol vurmağı bacaran 2-ci italyan hücumçu olmuşdu. Ümumilikdə, yığmada 36 oyun keçirən Balotelli, 14 qol vurub.
Vaxtilə gələcəyin ulduz futbolçuları arasında göstərilən Balotelli, intizamsız hərəkətlərinə görə futbolsevərlərin sevgisini qazana bilmədi. Onu bəzən “heç vaxt böyüməyən uşaq” kimi də qələmə verirlər.
Yaxşı şeylər də unudulmasın
İtaliyalı hücumçu nə qədər intizamsızlıqlarıyla gündəmə gəlsə də, xeyirxah insan kimi də tanınır. O, bəzən getdiyi barlarda hər kəsə öz hesabına içki sifariş etmiş, kitabxanalara gedib tələbələrin borclarını sildirmiş, bir dəfə də küçədə olan evsiz insanlara bir otel tutmuş və onlara parti təşkil etmişdi. Hücumçu, dəfələrlə uşaq evinə maddi dəstək olub.
Xəyanətini ört-basdır etmək istədi: “Səni sevirəm, Rafaello”
Balotelli, futbolla yanaşı, dediyi sözlər və etdiyi əməllərlə də tez-tez gündəmə gəlməyi bacarır. Belə ki, o, “Mançester Siti”də çıxış edən zaman bir oyundan iki gün əvvəl barda görüntüləndiyi üçün 400 min dollar cəzalanmışdı. Bu xəbərdən sonra sevgilisi ilə arası dəyən Balotelli, qol vurub, formasının altındakı köynəyində yazılan “səni sevirəm, Rafaello” sözlərini nümayiş etdirərək, özünü bağışlatmışdı.
Balotelli, bir dəfə də müxbirin “Barselona”da oynayarsanmı” sualına, “mən qızlarla futbol oynamıram” deyə, cavab vermişdi.
Balotellidən sitatlar
“İrqçiliyi qəbul etmirəm. Bunu qəbul etmək olmaz. Biri mənə küçədə banan atarsa, onu öldürdüyüm üçün həbsə girərəm”
“Real” mərhələni keçsə, qız dostumu Ronaldo və komanda yoldaşlarına hədiyyə edəcəm”
“Mən tanrının cəzasıyam”
“Meymunlarla işim yoxdur. Çünki bir meymunun iqrçi insandan daha ağıllı olduğuna əminəm”.
“Gəlin, balaca zəncimizi izləyək”
Futbol adamları da hər zaman Balotellinin istedadlı olduğunu, ancaq diqqətini tam futbola vermədiyini deyirdi. Hücumçunun keçmiş baş məşqçisi Roberto Mançini Balotelli haqda bunları demişdi:
“Balotelli istedadlı futbolçudur. Diqqətini futbola versə, ona çox qapılar açıqdır. Yenidən böyük komandalarda oynaya bilər”.
Balotellinin futbolda ən çox qarşılaşdığı problem irqçilikdir. Onun “Breşiya” klubuyla məşqlərə çıxmamasının səbəbi bəlkə də, burdan – İtaliyadan ayrılmaq istəyidir. Çünki hücumçu A Seriyasında hansı klubda forma geyinibsə, hamısında da irqçiliyə məruz qalıb. Futbol dünyasında ən çox irqçiliyə məruz qalanlardan olan Balotelli, bəzən meydanda göz yaşlarını da saxlaya bilmir.
“Milan”ın sabiq prezidenti Silvio Berluskoninin qardaşı Paolo Berluskoninin “gəlin, balaca zəncimizi izləyək” deməsi, böyük mübahisələrə yol açmışdı.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin