“Əə, biz iki qardaş, bu Gəncə futbolu üçün nələr etməmişik?” – Müsahibə

“Kəpəz”in sabiq baş məşqçisi və prezidenti Mehman Allahverdiyevin Komanda.az saytına müsahibəsi:

  • İki ildən çoxdur ki, futboldan uzaq düşmüsüz. Hazırda nə işlə məşğulsuz?
  • Hazırda heç nə. Gözləyirəm hələ ki. Futboldan başqa mənim nə işim var ki? Bizim işimiz ancaq futboldur. Futbol oynamışıq, məşqçi işləmişik, ondan sonra da rəhbər olmuşuq. Başqa işimiz-gücümüz yoxdur ki.
  • Nə işi gözləyirsiz? Hansısa təklif varmı?
  • Təklif deyəndə, onsuz da siz də bilirsiz ki, “Kəpəz” deyəndə hamı Mehman Allahverdiyev deyir. Çünki “Kəpəz”in bütün nailiyyətləri mənimlə bağlıdır. Yeri gələndə, öz şəxsi vəsaitlərimi xərcləmişəm. Vaxt olub, komanda yiyəsiz qalıb, baxan olmayıb, ancaq həmişə mənim ürəyim “Kəpəz”lə döyünüb. Ondan başqa, mənə nə qədər təkliflər olub, heç birinə getməmişdim. Çünki “Kəpəz” mənim üçün o qədər doğma, əziz olub ki, həm bir gəncəli kimi, həm də, o qədər əziyyətlər çək, nailiyyətlər qazan, bunun qabağında “Kəpəz”i qoyub gedə bilməzdim. Qismət Allahdandır, gözləyirik. Təklif olarsa, bilirsiz ki, Mehman Allahverdiyevin gücü nədir. Bunu hamı yaxşı bilir. Nə mənada, yəni futbolun bütün incəliklərini mən bilirəm. Demirəm e ancaq mənəm, o qədər yaxşı mütəxəssislərimiz var ki, tək mən deyiləm. Ancaq Gəncə futbolu ayrıdır. Buranın psixologiyası, azarkeşləri də başqadır, nə bilim, ay Şahin, qaqa, bax belə.
  • AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Kəpəz”in idarə heyətinə üzv seçildi. Karyeranızı demək olar ki, bu kluba həsr etmisiz. Sizə bir dəvət gəlmədimi?
  • Nə deyim? Allah göydən baxır. Kimi təyin edirlər, neynirlər, Allah köməkləri olsun. Hələ bir təklif yoxdur. Gözləyirəm. Allah qoysa, məncə, yaxşı olar. Bu qədər hörmətsizlikmi deyim, haqsızlıqmı deyim, nə deyim, bu da olmaz axı, Allah göydən baxır. Bu boyda əziyyəti də itirmək olmaz axı.
  • “Kəpəz”də hazırda vəziyyət pisdir. Azərbaycanın köklü klublarından olan komanda hazırda birinci divizionda son sıralarda qərarlaşıb…
  • Pis deyil, çox pisdir. Pis ayrı şeydir, çox pis tamam ayrı şeydir. Nə bilim.
  • Səbəb nədir ki, komanda bu vəziyyətdədir?
  • Səbəb? Nə deyim, vallah, bilmirəm. Mən klubun daxilində deyiləm, ona görə də, o haqda bir şey deyə bilmərəm. Orda olsaydım, səbəblərini bilərdim ki, komanda niyə bu vəziyyətə düşüb.
  • Belə deyək, Mehman Allahverdiyev yenidən “Kəpəz”ə qayıtsa, komandanı əvvəlki vəziyyətinə qaytara bilərmi?
  • Mən öz gücümə inanıram. Qayıtsam, qismət olsa, hər şey yüksək səviyyədə olacaq. Həm nailiyyət cəhətdən, həm də nə bilim… İndi orda psixoloji vəziyyət də pisdir. Ardıcıl məğlubiyyətlər, bu komandanın axırıncı yerlərdə olması pis təsir edir. Bunun səbəblərini də deyə bilmərəm. Problemlərin nədən qaynaqlandığını ordakılar bilir.
  • Vaqif Sadıqovun da üzv seçildiyi, yeni formalaşdırılan heyətdən nəsə gözləyirsizmi?
  • Allah köməkləri olsun, bilmirəm formalaşdıra biləcəklər, yoxsa yox. Yenə Allah köməkləri olsun. Özlərindən asılıdır.
  • Yenidən futbola qayıtmaq istədiyinizi dediz, məşqçi olaraq, yoxsa rəhbər olaraq qayıtmağı düşünürsüz?
  • Rəhbər kimi. Məşqçi kimi indi işləmərəm. Nəyə görə işləmərəm? İndi məndə kateqoriya yoxdur. Olsaydı, yüz faiz məşqçi kimi qayıdardım. Əvvəl baş məşqçi işləmək üçün kateqoriya yox idi. Sonra da rəhbər kimi işlədim deyə, oxumadım.
  • Baş məşqçi kateqoriyası almaq haqda fikirləşirsizmi?
  • Bilirsiz necədir, gərək, B kateqoriyasını oxuyasan, sonra A, sonra Pro. Bu uzun zaman tələb edir. Belə, işləyə-işləyə də oxuya bilərəm. Ancaq fərqi nədir? Komandada baş məşqçi ol, ya rəhbər. Düzdür, mən rəhbər işləyəndə heç vaxt komandanın baş məşqçisinin işlərinə müdaxilə etməmişəm. O qədər məşqçilər olub ki, zəng edib, məndən məsləhət alırdılar. Yenə də, son söz baş məşqçinin olmalıdır. Ona görə, qarışmaq olmaz ki, birincisi, bu, düzgün deyil. Həm də, sabahısı gün nəticələr pis olsa, qarışıqlıq yaranacaq. Heç bir rəhbər işçi heç bir baş məşqçinin işinə qarışmamalıdır.
  • “Kəpəz”in birinci diviziondakı oyunlarını izləyirsizmi?
  • Oyunlara internetdən baxıram. Stadiona ayağımı da qoymuram. Özümə sığışdırmıram. Orda həm də azarkeşlərə pis təsir edəcək. Nə vaxt o qapı üzümə açılacaq, onda ayaqlarımı ora qoyacam. Ancaq belə istəyir, iki dünya bir olsun, yenə də gedə bilmərəm. Xarakterim belədir. İnan Allaha, bir dəfə də, stadionun qapısını açmamışam. Komandadan çıxandan, deyəcəm, bəlkə də, çox adam inanmayacaq, Allaha and olsun ki, hər gün ən tez yatanda səhər 6-da yatıram. Hər gün! Bütün gecələr oturub fikirləşirəm ki, bu qədər haqsızlıq, bu qədər Allahsızlıq olmaz axı. Sonra Gəncə futbolunun da taleyini fikirləşirəm. Görən nə olacaq bu komandanın halı? “Kəpəz” pis durumdadır. Kim məni görür, elə deyir ki, sən qayıtmasan, düzələn deyil. Allaha and olsun, özümü tərifləmək məqsədiylə demirəm, hamı deyir qayıtmalısan. Qismət Allahdan, ümidimi itirmirəm. İnanıram ki, gec-tez “Kəpəz”in rəhbərliyində özüm olacam. İnsan ümidlə yaşamalıdır.
  • Stadiona getməməyinizin səbəbi nədir? “Kəpəz”dən ayrıldıqdan sonra problemlər olub, ya necə?
  • Nə problemlər? O qapı həmişə açıq olub. Gəncədə Mehman Allahverdiyevlə heç kimin problemi yoxdur. Hamı Gəncədə mənə nə cür hörmət edir, bilirəm. Sadəcə, o qapıdan içəri girim, o mənə ağır gəlir. Stadiondakı kabineti də özüm tikdirmişəm, mətbuat konfransı zalını da. Hamısını da öz vəsaitimlə. Ağır gəlir də. Hər şeyin öz yeri var axı. O vaxt, Avropada oyunumuz var idi, bizim stadionda keçirilməsinə icazə verilmirdi, kreslolar yox idi. Öz vəsaitimlə aldım qoydum hamısını. Bu qədər əziyyət çəkmişəm. Elə bil ağac əkirsən, baxırsan, qulluq edirsən. Sonra meyvə əmələ gələndə, gəlib qonum-qonşu aparır deyim, oğurlayır deyim, nə deyim? Öz mənliyimə, şəxsiyyətimə görə ora getmirəm.
  • Sizə bir dəvətin olmamasından narazısızmı?
  • Yox, sadəcə, mənim xarakterim deyil. İnanırsanmı, stadionun yanından keçəndə ürəyim çırpınır. Gör neçə illər burda canımı-qanımı qoymuşam. Elə qardaşım da. Onun kimi futbolçu yoxdur Azərbaycanda, bir klubda bu qədər forma geyinsin. 20 il sabit futbolçu olub. Əə, biz iki qardaş, bu Gəncə futbolu üçün nələr etməmişik? Gəl, istədiyin bir klubu götürək, bizim qədər komanda üçün çalışan varmı? Bilirsən nə qədər vəsait xərcləmişik “Kəpəz”ə?
  • Yeri gəlmişkən, qardaşınız Füzuli Allahverdiyev nə işlə məşğuldur?
  • Heç nə, nə işlə məşğul olacaq? Biz gedib alver edəsi deyilik, tikintidə işləyəsi deyilik. Təkliflər gözləyirik. Onsuz da Allah göydən baxır, gec-tez kömək olacaq. Həmişə Allahı fikirləşmək lazımdır. Allahsız oldunsa da, heç nə. Bu boyda stadionlara gedirsiz, harda azarkeş var? Mehman Allahverdiyev futboldan gedəndə, azarkeş də getdi. Oyunlara heç 100 azarkeş gəlmir. Allaha and olsun, İmamzada haqqı, hamı deyir sənə görə getmirik oyunlara. Deyirlər nəyə görə gedək, sən yoxsansa? “Axırıncı aşırım”da Abbasqulu bəy deyir ki, “Kərbəlayi, sənin topun yox, topxanan yox, papağını qabağına qoy, yaxşı yaxşı fikirləş”. Qoy papaqlarını qoysunlar qabaqlarına, yaxşı-yaxşı fikirləşsinlər ki, mən Gəncə futboluna nələr eləmişəm. İkinci də ki, düşmən deyiləm, bir şey deyiləm. Elə adamlar futbolda işləyir ki, adama pis gəlir, gör kimlər işləyir, kimlər qıraqda qalır. Ad çəkməyim kişilikdən deyil. Azərbaycanda ən titullu məşqçi mən idim. Heç mənim 50 faizim heç kim də yox idi. Məndən soruşanda ki, ən güclü məşqçi kimdir, deyirdim müəllimlərim, Ağasəlim Mircavadov, Kazbek Tuayev, Əhməd Ələsgərov. Ancaq nəticələrə görə, mənim 50 faizim onlarda yox idi. Allah hamının köməyi olsun. Qoy yaxşı düşünsünlər. Belə şeylərlə biz geri gedirik. Bəlkə də, fikirləşirlər ki, “Kəpəz”də Mehman olmalıdır, bilmirəm. Bunu yaxşı fikirləşmək lazımdır. Adamlar var, deyirdilər ki, neynəmisiz Gəncə futboluna? Komandanı Avropaya çıxardım, bir mərhələ keçdik, düzdür, burda hamının əməyi olur. Hərə öz işini görür. Mən komandadan çıxanda 3-cü yerdə idi “Kəpəz”. Sonra düşdü axırıncı yerə, sonra birinci diviziona. İndi də, birinci divizionda son sıralardadır. Qardaş, mənə “neynəmisən?” deyən adamlara deyirəm, neynəməliydim? Çempion olmalıydım? “Qarabağ”la, yoxsa “Neftçi”ylə büdcəmiz bir idi? Az büdcəylə, Avropaya oynadıq, bir mərhələ də keçdik. Sonra nələr baş verdi, day onu deyə bilmərəm. Allah göydən baxır, hamıya kömək olsun. Hamının Allahı var. Onlar da bir gün başa düşəcək ki, Mehman lazımdır. Mənim yerimdə kim olsa, bilirsən nələr danışar, nələr edər? Ancaq kişi kimi yaşayıb, kişi kimi ölmək lazımdır.
  • Bu mövsüm Azərbaycan Premyer Liqasında hansı komandanın çempionluq şanslarını daha çox görürsüz?
  • Hazırda “Qarabağ” və “Neftçi” arasında üç xal fərqi var. İndidən bir şey demək olmur. “Neftçi” itirsə, “Qarabağ” çatır, “Qarabağ” itirsə, “Neftçi” uzaqlaşır. Hardasa, 3-4 turdan sonra nəsə demək olar. İki komanda da hazırda eyni gücdədir. Oyunçu səviyyəsinə baxsaq, “Qarabağ” daha güclüdür. Ancaq bu, tək adamın oyunu deyil, kollektiv oyunudur. Baxacağıq, onlar nə vəziyyətdə olacaq, fiziki durumları necə olacaq.
  • Nikola Yurçeviçin Azərbaycan milli komandasında baş məşqçi postuna gətirilməsi ilə bağlı fikirləriniz nədir?
  • Yurçeviçin uğurlu olub-olmamasını gələcək göstərəcək. İndi gəlib, bu iki gündə yalnız ona uğurlar arzulaya bilərik. 2-3 oyundan sonra hər şey bilinəcək. Bugünkü gündə heç nə demək olmur. Azərbaycan millisi də AÇ-2020-nin seçmə mərhələsində çətin qrupa düşüb. Yurçeviç də təzə gəlib. İşlədiyi klubları da bilirik, tanıyırıq – nə qədər komandalarda köməkçi işləyib, harda məşqçi işləyib. Təzə gəldiyinə görə, bizim psixologiyanı da bilməlidir. Futbolçularla, komandaların məşqçiləriylə görüşməlidir. Nə qədər də olmasa, digər məşqçilər də öz tövsiyyələrini verməlidir. Ümidimi itirmirəm, Allah qoysa, yenidən “Kəpəz”ə qayıdacam. İnanırsan Şahin, hər yerdən zənglər gəlir. Mən Gəncədə küçəyə çıxa bilmirəm, elə hamı deyir “nə vaxt qayıdırsan, işlədin-işləmədin, Gəncə futbolunu səndən soruşmalıyıq. Çünki Gəncə futbolu səninlə tanınır, azarkeşlər səninlə nəfəs alırlar”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button