“Turan Tovuz”un 32 ildən sonra Avropaya qayıdışı belə alınanda nə demək olar?”

Son günlər futbol ictimaiyyətinin gündəmini zəbt edən “Turan Tovuz” məsələsi hələ də tam aydınlıq tapmayıb. AFFA bölgə təmsilçisinin UEFA tərəfindən Konfrans Liqasından kənarlaşdırıldığını dünən rəsmi şəkildə açıqlasa da, tovuzluların Avropa ümidi hələ də tam sönməyib. Klub İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək və müsbət qərar çıxarılacağına ümid edir.

UEFA AFFA-nın 2019-cu ildə qəbul etdiyi qərarı əsas götürərək, “Turan Tovuz”u avrokuboklarda iştirakdan məhrum edib. Həmin vaxt bölgə təmsilçisi 1-ci divizionda çıxış edərkən, komandanın 7 futbolçusu oyunların manipulyasiyasında günahlandırılıb və ömürlük futboldan uzaqlaşdırılıb. İndi isə 2025/26 mövsümünü Azərbaycan Premyer Liqasında turnir cədvəlinin 3-cü pilləsində başa vuran klub, 7 il əvvəlki qərarın cəzasını çəkir. 32 illik fasilədən sonra Avropa arenasına vəsiqə qazanan bölgə təmsilçisinin gələcəyi hazırda CAS-dakı prosesin nəticəsindən asılıdır.

Məsələ ilə bağlı AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Komanda.az-a açıqlama verib. Azərbaycan millisinin sabiq baş məşqçisi vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Acınacaqlı bir vəziyyətdir. Nə demək olar? Çempionat boyu haqqını verən, ciddi mübarizə aparan bir komandanın 32 ildən sonra Avropaya qayıdışı belə alınanda nə demək olar? Açığı, məncə, bütün futbol ictimaiyyəti xoşa gəlməyən hisslər yaşayır. Ancaq yenə də, hansısa bir ümid varsa, ümid edək ki, məsələ müsbət həllini tapar, haqq öz yerini tutar”.

Sadıqov, UEFA-nın qərarında mümkün dəyişiklik ehtimalı ilə bağlı da fikirlərini bölüşüb:

“Mətbuatdan da izləyirəm, klub rəhbərliyi əlindən gələni edir, bütün lazım olan resurslardan yararlanmaqla haqqını bərpa etməyə çalışır.

Ümumiyyətlə, mən yaranmış vəziyyəti başa düşə bilmirəm. Ona görə ki, bu cəza var idisə, niyə 6-7 ildən sonra ortaya çıxdı? Hansı müddətə verilib, necə olubsa… Bunu xırdalamaq istəmirəm. Ümumi mənzərə elədir ki, bilirik, UEFA qərarlarında israrlı olur, hansısa qərarı verəndə onun arxasında durur. Ancaq yenə də deyirəm, bu gün hər birimiz arzulayırıq və istəyirik ki, 32 ildən sonra atılan addımla “Turan Tovuz” özünü Avropaya göstərsin. Öz oyunu və uğurlu nəticəsi ilə yolunu davam etdirsin”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button