
ÇL: Simeone ehtiyatlı danışdı
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Barselona”ya qarşı əldə olunan 2:0 hesablı səfər qələbəsindən sonra ehtiyatlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu üstünlüyün onların yarımfinala vəsiqəsini hələ təmin etmədiyini deyib:
“Biz artıq yarımfinaldayıq? Xeyr. “Barselona” çox güclü komandadır və rəqibin nə qədər keyfiyyətli olduğunu etiraf edəcək qədər təvazökarıq. Azarkeşlərimiz önündə maksimum motivasiya ilə oynayıb yüz faiz gücümüzü ortaya qoyacağıq”.
“Atletiko” matçın 44-cü dəqiqəsindən etibarən say üstünlüyündə oynayıb və bu fürsətdən yararlanaraq Xulian Alvareslə Aleksander Sörlotun qolları ilə iki cavabsız top vurublar.
“Barselona”nın müdafiəçisi Pau Kubarsi birinci hissənin sonlarında qırmızı vərəqə ilə cəzalandırılıb. Onun Alvaresə qarşı kobudluğundan sonra təyin olunan cərimə zərbəsindən sonra argentinalı futbolçu hesabı açıb.
Komandalar arasında cavab qarşılaşması aprelin 14-də keçiriləcək.
Bizi Facebook-da izləyin



