Azərbaycanlı güləşçi Çində kəmər qazanıb
Azərbaycan yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Çinin Sian şəhərində keçirilmiş beynəlxalq turnirdə kəmər qazanıb.
Komanda.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Kəmər və yol” adlanan yarışda ölkəmizi yunan-Roma güləşi üzrə millinin 3 üzvü təmsil edib.
10-a yaxın ölkənin təmsil olunduğu turnirdə U-20 yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Davud Məmmədov (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) mübarizə aparıblar. U-23 Avropa çempionu Murad Əhmədiyev bütün rəqiblərinə qalib gələrək, kəmərə sahib çıxıb.
Komanda Çində təlim-məşq toplanışı da keçəcək. Bu məqsədlə güləşçilər bu gün Uhan şəhərinə yollanıblar. İki həftə davam edəcək hazırlıq prosesində adı çəkilən güləşçilərlə yanaşı, Hüseyn Savadov (55 kq), Vədat Qasımlı (60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev (67 kq), Kamran Rəcəbli, Sadiq Məsimli (hər ikisi 72 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq) və Arif Niftullayev (97 kq) iştirak edəcəklər.
Bizi Facebook-da izləyin