“İlk xallarımızı qazanmağa çalışacağıq” – Bədavi Hüseynov
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Norveç təmsilçisi “Bodo Qlimt”ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunun oyunundan öncə baş tutan mətbuat konfransına qatılıb.
Komanda.az xəbər verir ki, o, sabahkı oyunda qələbə qazanmaq istədiklərini bildirib:
“Bizi sabah çox çətin qarşılaşma gözləyir. Rəqib komanda həm müdafiədə, həm də hücumda yaxşı çıxış etməyi bacarır. “Bodo Qlimt”lə matçda ilk xallarımızı qazanmağa çalışacağıq. Turnir cədvəlində sonuncu sırada qərarlaşmışıq. İstəyimiz odur ki, hər şeyi öz xeyrimizə dəyişək. Əslində əvvəlki üç turda çox yaxşı mübarizə aparmışıq. Lakin təəssüf ki, həmin görüşlərin heç birində xal qazana bilməmişik”.
Müdafiəçi rəqib komandanın meydançasının süni ot örtüyünə malik olduğunu xatırladaraq, belə stadionda oynamağa alışmadıqlarını söyləyib:
“Bodo Qlimt” sabahkı matçda müəyyən üstünlüklərə sahib olacaq. Bunlardan biri meydança amilidir. Hansı ki, onlar süni örtükdə oynamağa öyrəşiblər, biz isə yox. Bundan başqa, azarkeş amili də meydan sahiblərinin xeyirinə olan amillərdəndir”.
Liqa mərhələsinin 4-cü turunun oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Bizi Facebook-da izləyin