Diniyev “Konyaspor” üzərində qələbəni və toplanışı dəyərləndirdi

“Səbail”in baş məşqçisi Şahin Diniyev “Konyaspor”la keçirilmiş yoxlama oyunundan sonra həm qarşılaşmanı, həm də komandanın ümumi hazırlıq prosesini dəyərləndirib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu gün Türkiyə Super L+iqa təmsilçisi “Konyaspor”la yoxlama oyununda qələbə qazandığımız üçün sevincliyəm. Olduqca çətin rəqibə qarşı mübarizə apardıq. Əslində, bu qədər yorğunluq fonunda komandanın tempi saxlayacağına inanmırdım. Futbolçularım “Sivasspor”la oyundan 48 saat sonra daha bir sanballı rəqibə qarşı əzmkar, baxımlı futbol nümayiş etdirdi. Belə klublara qarşı yorğunluq fonunda eyni heyətin əzmkar mübarizəsi və qələbə qazanması komandamın formalaşmasından, əzmkar xarakterinin olmasından xəbər verir. Böyük rəqiblərə qarşı intizamlı, qorxmadan mübarizə apardığımız üçün bütün futbolçularıma böyük alqış düşür. İstəyim odur ki, futbolçularımda arxayınlaşma olmasın, çempionatda da bu tempi davam etdirək. Ümumi götürsək, təlim-məşq toplanışını müsbət notlarla başa vurduğumuz üçün sevincliyəm. Hazırlığımızın yaxşı keçməsində ən böyük səbəbkar, əlbəttə ki, futbolçularımdır. Onlar bu hazırlıq dövründə əllərindən gələni etdilər. Hər birinə dərin minnətdarlığımı bildirirəm. Hər kəsin oyunlara, məşqlərə, nizam-intizama, hətta istirahət dönəmində belə, işə yanaşması məni çox sevindirdi. Bir ailə ortamını bütün kollektivlə yaratmışıq, bir yumruq olaraq birləşməyimiz məni çox sevindirir”.

Diniyev həmçinin, “Səbail” PFK-nın qarşıdakı günlər üçün də planını açıqlayıb: “İlk növbədə, şükür ki, iki həftəlik hazırlıq dövrünü zədəsiz başa vurduq. Sabah bütün komandanın istirahət günüdür. İyulun 23-də Ərzurumda son məşqmizi edib vətənə dönəcəyik. Bakıda komandaya iki günlük tam istirahət verəcəyəm. İyulun 26-dan isə komanda çempionatın ilk oyununa hazırlaşacaq. Ola bilsin, Premyer Liqanın ilk turuna qədər Bakıda əvəzedici heyətlə də bir yoxlama oyunu keçirdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button