İtaliya superkubokunun formatı dəyişdirildi

Futbol üzrə İtaliya superkuboku 2023/24 mövsümündən etibarən yeni formatda keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, növbəti mövsümdən etibarən superkubok dörd komandanın iştirakı ilə təşkil olunacaq. İştirakçılardan ikisi A Seriyasını ilk iki pillədə başa vuranlar, digər ikisi isə İtaliya kubokunun finalına vəsiqə qazanan komandalar olacaq.

Qarşıdakı mövsümlərdə İtaliya superkubokuna ev sahibliyi etmək istəyən ölkələrlə də bağlı qərar qəbul edilib. Belə ki, qarşıdakı altı mövsümdən dördündə superkubokun ev sahibi Səudiyyə Ərəbistanı olacaq. Bu ölkə 2024, 2025, 2028 və 2029-cu illərdəki superkuboka ev sahibliyi edəcək. 2026 və 2027-ci illərdəki turnirlər isə fərqli ölkələrdə keçiriləcək. Amma hələ onların hansı ölkələrə veriləcəyi dəqiqləşməyib.

Xatırladaq ki, İtaliya superkuboku 1988/89 mövsümündən etibarən keçirilir. Bu vaxta qədər superkubokda İtaliya çempionatının və İtaliya kubokunun qalibləri üz-üzə gəlirdi. Hər iki turnirdə eyni komanda qalib olduğu mövsümlərdə isə kubokun digər finalçısı superkubokda da “qızıl dubl”a imza atan klubun rəqibi olurdu.

İndiyə qədər İtaliya superkubokunu ən çox qazanan komanda “Yuventus”dur – 9 dəfə. “Milan” və “İnter” hərəyə 7 dəfə bu uğura imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button