“Qalatasaray” Emreni Super Liqanın digər klubuna satdı

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”dan Emre Akbabanı, “Başakşəhər”dən Fredrik Qulbrandseni, həmçinin azad agent statusuna malik Gökhan Törəni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Gökhan Törə yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “Beşiktaş”la müqaviləsinin müddəti bu yay başa çatan 30 yaşlı futbolçu azad agent olduğu üçün, Adana təmsilçisi əlavə xərcə düşməyib. Gökhan 2013-2019-cu illər aralığında da formasını geyindiyi “Beşiktaş”da 2020-ci ildən çıxış edirdi. Peşəkar karyerasına Almaniyanın “Hamburq” komandasında başlamış Törə, “Rubin”, “Vest Hem” və “Yeni Malatyaspor” kimi klubların da formasını geyinib. O, Türkiyə millisində 26 oyun keçirib.

“Adana Dəmirspor” Emre Akbabanın transferi üçün “Qalatasaray”a 500 min avro ödəyib. 30 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 2019-cu ildən “sarı qırmızılar”ın formasını geyinən Emre, ötən mövsümü icarə əsasında “Alanyaspor”da keçirib. O, “Kahramanmaraş” və “Antalyaspor”un da uğurları üçün çalışıb, Türkiyə millisində 6 oyuna 3 qol vurub.

Fredrik Qulbrandsen isə “Başakşəhər”dən azad agent kimi ayrıldığı üçün, “Adana Dəmirspor” ona görə İstanbul klubuna təzminat ödəmək məcburiyyətində qalmayıb. Norveçli hücumçu ilə 2 illik müqavilə imzalanıb. 29 yaşlı forvard 2019-cu ildən oynadığı “Başakşəhər”də 100 oyuna 19 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu “Lillström”, “Lin”, “Molde”, “Zalsburq”, “Nyu York Red Buls” kimi klubların da formasını geyinib. O, Norveç millisində də 3 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button