Liqa 1 klubunda norveçli hücumçu

Fransanın “Reyms” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Havr”dan Amir Riçardsonu, “Rusenborq”dan isə Noa Holmu heyətinə qatıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Noa Holm satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb. Norveçdən olan 21 yaşlı forvard peşəkar karyerasına “Vitoriya”da (Gimaraynş) başlayıb. 2021-ci ilin avqustunda Portuqaliya klubunu Norveç təmsilçisinə dəyişən gənc futbolçu, “Rusenborq”da 32 oyuna 6 qol vurub. O, Norveçin U-21 yığmasında da 10 oyuna çıxıb, 5 qola imza atıb.

Amir Riçardson isə “Reyms”lə 5 illik müqavilə bağlayıb. Lakin Liqa 1 klubu onu transfer etdiyi “Havr”a mövsümün sonuna kimi icarəyə verib. Fransanın U-20 yığmasının da üzvü olan 20 yaşlı yarımmüdafiəçi ötən ildən “Havr”ın əsas komandasında oynayır.

“Reyms” yarımmüdafiəçiləri Moreto Kassama, Derek Kutesa və Mois Sakava ilə də yollarını ayırıb. Kassama 1.5 milyon avro qarşılığında Kiprin “Omoniya” klubuna satılıb. Qvineya-Bisaudan olan 24 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Daha öncə “Portu”da oynamış yarımmüdafiəçi 2019-cu ildən “Reyms”də çıxış edirdi. O, ölkəsinin yığmasında da 15 oyuna çıxıb.

Derek Kutesa isə yetirməsi olduğu “Servett”ə qayıdıb. O da köhnə-yeni klubu ilə 3 illik müqavilə bağlayıb. İsveçrəli futbolçu 2019-cu ildən “Reyms”də çıxış edirdi. 24 yaşlı vinger “Bazel”, “Lutsern”, “Senkt Qallen”, “Sulte Varegem”də də forma geyinib.

Mois Sakava da azad agent kimi “Kretey”ə keçib. Kamerundan olan 21 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb. “Reyms”in yetirməsi olan futbolçu “Differdanj”da icarədə də olub.

“Reyms” Anastasios Donisi APOEL-ə, İlan Kebbalı “Paris”ə, Mustafa Mbounu isə “Seranj”a icarəyə verib. Onların hamısı mövsümün sonuna kimi icarədə oynayacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button