Azərbaycan millisi İslamiadaya hazırlığı başa vurdu
İslam Həmrəyliyi Oyunlarında və AÇ-2023-ün təsnifat mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi maydan start verdiyi təlim-məşq toplanışını başa vurub.
Komanda.az xəbər verir ki, yığma bu gün Bakıda Voleybol Mərkəzində son məşqinə çıxıb.
Komandanın məşqini Azərbaycan Voleybol Federasiyasının (AVF) 1-ci vitse-prezidenti Faiq Qarayev, vitse-prezident Əbülfəz Hüseynov və AVF-nin baş katibi Fərid Xəlilov izləyiblər. Ardınca federasiya rəsmiləri millimizin oyunçuları və məşqçi heyəti ilə görüşüb.
Federasiya prezidentinin salamlarını çatdıran Faiq Qarayev komandamıza qarşıdakı yarışlarda uğurlar arzulayıb. O bildirib ki, bu gün İslamiadada və AÇ-2023-ün təsnifat oyunlarında yığmamızın qələbə qazanmaq üçün böyük şansları var. Bunun üçün meydanda əzimkar oyun vacibdir.
İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın voleybolçularımız avqustun 5-də Konyaya yola düşəcək.
Yeri gəlmişkən, Azərbaycan millisinin baş məşqçisi Eldar Yusubov hazırlıqla bağlı federasiyanın mətbuat xidmətinə açıqlama verib. O, bunları söyləyib:
“İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığımız yüksək səviyyədə keçdi. İki aydan çox idi ki, təlim-məşq toplanışlarımız davam edirdi. Bakıda, Mingəçevirdə və Sloveniyada hazırlıq keçdik. İlkin məşqlərə 30 voleybolçu cəlb olunmuşdu, geniş heyətlə fiziki və texniki çalışmalar etdik. Ardınca yoxlama matçları oynadıq. Sloveniyada yerli yığma komanda ilə iki oyunda gücümüzü yoxladı. Plana əsasən Mariborda Kamerun yığması ilə də qüvvəmizi sınamalı idik. Lakin onların Sloveniyaya gəlməməsi səbəbindən görüşlər baş tutmadı. Yoxlama matçlarının çox olmasını istəyirdik. Çünki məhz həmin zaman çatışmazlıqları aradan qaldırma mümkün olur. Keçirdiyimiz yoldaşlıq oyunlarına gəlincə, komandanın çıxışından razıyam. Hər qarşılaşmada voleybolçular özlərini yaxşı tərəfdən göstərdilər. Bu gün millimizin ehtiyat oyunçuları da yaxşı formadadırlar. Bu bizim üçün çox vacibdir.
İslam Həmrəyliyi Oyunlarında əziyyətimizin bəhrəsini görəcəyimizə əminəm. Artıq avqustun 5-də yarışın keçiriləcəyi Konyaya yola düşürük. İlk matçımızı Seneqala qarşı keçirəcəyik. Rəqiblərimizi analiz etmişik və düşünürəm ki, yaxşı nəticə əldə edəcəyik. İslamiadanın ardınca isə Bakıya qayıdıb, avqustun 20-də AÇ-2023-ün təsnifat mərhələsində ilk matçımıza çıxacağıq.
İnanıram ki, hər iki yarışda yüksək nəticələr əldə edib, azarkeşlərimizi sevindirəcəyik”.
Bizi Facebook-da izləyin