
“Yuventus” Vlahoviçlə anlaşa bilməyib
Serbiyalı hücumçu Duşan Vlahoviçlə “Yuventus” arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər uzun müddət davam edən müzakirələrə baxmayaraq, ortaq məxrəcə gələ bilməyiblər. Nəticədə, 26 yaşlı forvard müqaviləsinin müddətinin başa çatmasının ardından azad agent statusu alacaq.
Vlahoviç klub rəhbərliyinin münasibətindən narazıdır və özünü xəyanətə məruz qalmış hesab edir. O, özünü komandanın liderlərindən biri kimi görür və Luçano Spallettinin rəhbərliyi altında formalaşacaq yeni layihənin əsas simalarından olmaq istəyirdi. Ancaq rəhbərlik onun maliyyə tələblərinə uyğun təklif verməyib və tərəflər arasında razılıq əldə olunmayıb.
Vlahoviç 2022-ci ilin yanvarında “Yuventus”a transfer olunub. O, Turin klubunun heyətində keçirdiyi 168 oyunda 68 qola imza ataraq, komandanın hücum xəttinin aparıcı fiqurlarından birinə çevrilib.
Bizi Facebook-da izləyin



