
Şahin Diniyev: “Milli komanda uduzubsa, deməli, problemlər var”
İyunun 1-dən Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Milli komanda ayın 5-də Malta yığması ilə qüvvəsini sınadı. Azərbaycan millisi bu oyunda 0:2 hesabı ilə məğlub oldu.
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev həmin matçla bağlı Komanda.az-a açıqlama verib. Diniyev, Malta millisi ilə görüşdə bəzi futbolçuların oyun praktikasının azlığından əziyyət çəkdiklərinin göründüyünü bildirib:
“Malta yığması ilə oyun haqda onu demək olar ki, komanda uduzubsa, deməli, problemlər var. İrəlidə rəngarəng hücumlar qurulmasında çətinlik çəkib, qol vura bilmiriksə, deməli, həm orta xətdə, həm də hücumda problemlərimiz var. Üstəlik, bu, aksiomadır. Və arxada qol buraxmışıqsa, bu, həm fərdi, həm də mövqe – müdafiəçilərin kobud səhvlərindən qaynaqlanır. Bunların üzərində işləmək lazımdır. Bunu da onunla əlaqələndirirəm ki, bir çox futbolçuların, demək olar ki, çox faizinin legioner limitinin ləğvindən sonra öz komandalarında oyun praktikasının olmaması belə bir nəticəyə gətirib çıxardı. Xaricdə olan futbolçularımızın, hücum xəttində çıxış edən oyunçuların hər üçünün – həm Mahir Emreli, həm Nəriman Axundzadənin, həm də Renat Dadaşovun da klublarında oyun praktikaları olduqca azdır. Və bu da oyunda artıq özünü göstərir. Artıq özünəinam, belə deyək, bəzi şeylər keyfiyyət baxımından itir”.
Diniyev, “bu oyunla Millətlər Liqasında nəyə ümid etmək olar” sualına belə cavab verdi:
“Bir oyuna baxmaqla biz bilmirik komandada nələr, hansı proseslər gedir. Komandanın qurulmasında hansı zamana hesablanmış məsələlər var, bunları bilmirik. Ancaq düşünürəm ki, burda baş məşqçilik bir şey yoxdur. Böyük problem yoxdur. Problem, bayaq dediyim kimi, Millətlər Liqasına qədər də millinin bir çox futbolçusu öz klubunda forma şansı qazanmayacaqsa, onların oyun praktikası minimum olacaqsa, eyni mənzərə davam edəcək. Düşünürəm ki, buna baxmaq lazımdır”.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



