Avropa çempionu olan milli vətənə qayıtdı
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Komanda.az xəbər verir ki, 4 qızıl, 3 gümüş və 5 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev adına Beynəlxalq Aeroportda Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri, məşqçilər və idmançıların ailə üzvləri qarşılayıb.
Əbilfət Məmmədov, milli komandanın böyük məşqçisi:
“Yarışda iştirak edən 13 idmançımızdan 12-si medal qazandı. Komanda hesabında 205 xalla 1-ci yeri tutduq. Bu uğurun səbəbi bizə göstərilən qayğıdır. İdmançılar və məşqçilər adından federasiya rəhbərliyinə minnətdarlığımızı bildiririk. Avropa çempionatına çox yaxşı hazırlaşmış, təlim-məşq toplanışları yüksək səviyyədə keçmişdi. Şükür Allaha, nəticələrimiz də yaxşı oldu. Planlaşdırdığımız nəticəni əldə etdik. Ancaq 1 qızıl artıq qazana bilərdik”.
Turan Daşdəmirov, Avropa çempionu:
“Məşqçilərimizə, üzərimizdə əziyyəti hər kəsə minnətdarlığımı bildirirəm. İnşallah, gələcəkdə də Avropa və dünya çempionu olmaq istəyirəm”
Yusif Əhmədli, Avropa çempionu:
“Yarışda 5 görüş keçirdim. Güclü rəqiblərlə qarşılaşdım. Finalda 0:1 hesabıyla geridə idim. Ancaq daha sonra bolqar rəqibimə “tuşe” ilə qalib gəldim. Bundan sonra hədəfim dünya çempionu olmaqdır”.
Xatırladaq ki, Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) qızıl, Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) gümüş, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə bürünc medal qazanıb.
Avropa çempionatında komanda hesabında 2-ci yeri tutan sərbəst güləş üzrə millimiz də vətənə qayıdıb. 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yığma komanda Heydər Əliyev adına Beynəlxalq Aeroportda böyük coşğu ilə qarşılanıb.
Namiq Quliyev, milli komandanın böyük məşqçisi:
“Komanda yüksək səviyyədə çıxış etdi. Baxmayaraq ki, 10 çəkidən 8-də təmsil olunduq. Əslində biz komanda hesabında çempion olmağa getmişdik. Məlum səbəbdən 2-ci yeri tutduq. Bu yarışda parlayan ulduzlarımız oldu. Hətta 2008-09-cu il təvəllüdlü medalçılarımız oldu. Onlardan gələcəkdə daha böyük nəticələr gözləyirəm”.
Məhərrəm Rzayev, Avropa çempionu:
“Yarışda Bolqarıstan, Yunanıstan və Macarıstan idmançılarına 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda erməni güləşçini 6:1 hesabıyla məğlub edib finala yüksəldim. Finalda da Gürcüstan idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu oldum.
Səid Paşayev, Avropa çempionu:
“Yarışa yaxşı hazırlaşmışdıq. Görüşlər mənim üçün rahat keçdi. İnşallah, bundan da böyük qələbələr olacaq. Hədəfim dünya və olimpiya çempionu olmaqdır”.
Fərhad Süleymanov, Avropa üçüncüsü:
“Bütün Azərbaycan xalqını salamlayıram. Bürünc medal uğrunda görüşdə Ermənistan idmançısıyla qarşılaşdım. Zədələrim var idi. Buna baxmayaraq, rəqibimə qalib gəldim. Mən də gələcəkdə dünya və olimpiya çempionu olmaq istəyirəm”.
Məhəmməd Abbaszadə, Avropa üçüncüsü:
“Üzərimizdə əziyyəti olan bütün hər kəsə təşəkkürümü bildirirəm. O gün olsun, bundan da yaxşı nəticələr qazanaq”.
Xatırladaq ki, Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (41 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) qızıl, Həsən Həsənov (41 kq) gümüş, Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) isə bürünc medal qazanıb.
Bizi Facebook-da izləyin