“Qalatasaray”da bir ayrılıq, bir yeni hücumçu

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Portuqaliyanın “Benfika” klubunun hücumçusu Haris Seferoviçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsveçrədən olan 30 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb. Mövsümün sonunda Türkiyə klubu “Benfika”ya 3.5 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da ala bilər. Seferoviç özü isə İstanbul təmsilçisində ilinə 2 milyon avro qazanacaq.

Haris Seferoviç 2017-ci ildən “Benfika”da çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 5 mövsüm ərzində 188 matça çıxıb, 74 qol vurub. Təcrübəli hücumçu əvvəllər “Qrasshopper”, “Fiorentina”, “Ksamaks”, “Leççe”, “Novara”, “Real Sosyedad” və “Ayntraxt” kimi klubların da formasını geyinib. İsveçrə yığmasında 86 oyun keçirmiş futbolçu, 25 qol vurub.

“Qalatasaray” öz hücumçusu Mustafa Məhəmmədi də Fransanın “Nant” klubuna icarəyə verib. 24 yaşlı misirli futbolçu qarşıdakı mövsümün sonuna kimi Liqa 1 təmsilçisində çıxış edəcək. “Nant” mövsümün sonunda 6 milyon avro ödəməklə Misir yığmasının üzvünü birdəfəlik transfer edə bilər.

Xatırladaq ki, Mustafa Məhəmməd 2021-ci ildən “Qalatasaray”da çıxış edirdi. Misirin “Zamalek” klubundan icarəyə götürülmüş futbolçu ilyarım bu komandada oynadıqdan sonra onun transfer hüquqları da alınmışdı. “Sarı-qırmızılılar” bu keçidə görə Misir klubuna 4 milyon avro ödəmişdi. Hücumçu İstanbul təmsilçisində bütövlükdə 58 matça çıxıb, 17 qola imza atıb. Misir yığmasında 21 oyuna çıxan futbolçu, 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button