“Komandamla fəxr edirəm”
U-20 Avropa çempionatında uğurlu çıxış edən gənc qızlardan ibarət güləş Azərbaycan yığması vətənə qayıdıb.
Komanda.az xəbər verir ki, qitə birinciliyində 2 qızıl və 2 bürünc medal qazanan və 92 xalla komanda hesabında 5-ci yeri tutan milli üzvlərini Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançıların yaxınları və yeniyetmə güləşçilər qarşılayıb.
Həsrət Məmmədyarov, böyük məşqçi: “Komandanın çıxışını əla dəyərləndirirəm. Mən deyərdim ki, qızlar böyük şücaət, mərdlik göstərdilər. Özlərindən güclü rəqiblərə qalib gəldilər. Komandamla fəxr edirəm. Halal olsun. Qızlarımıza gələcək yarışlarda uğurlar arzulayıram. Çalışacağıq ki, dünya çempionatına da yaxşı hazırlaşaq”.
Elnurə Məmmədova, Avropa çempionu: “Çox şükürlər olsun. Çox sevinirəm. İnanıram ki, daha böyük yarışlarda daha böyük nəticələr əldə edə bilərəm. Federasiya rəhbərliyinə minnətdarlığımı bildirirəm. Həsrət müəllim sağ olsun. Mən özümə inanmadığım vaxtda belə o mənə inandı. Əlimdən tutub məni qaldırdı. Ailəmə təşəkkürümü bildirirəm. Sonuncu təlim-məşq toplanışımız Astarada keçdi. Olimpiya İdman Kompleksində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Avqustda əvvəlcə İslam Həmrəyliyi Oyunları keçiriləcək. Alınsa, həmin yarışdan sonra dünya çempionatında iştirak edəcəyik. Çalışacağam ki, orada da ümidləri doğruldum”.
Birgül Soltanova, Avropa çempionu: “Çox sevincliyəm. Sevincimin həddi-hüdudu yoxdur. Prezidentimizə, federasiyamızın rəhbərliyinə, yığma komandanın məşqçilərinə, şəxsi məşqçimə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Astara Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçmişdik. Türkiyədə də hazırlıq prosesi olmuşdu. 2019-cu ildə İtaliyada U-17 Avropa çempionatında bürünc medal qazanmışdım. Bu il yenidən İtaliyada uğur qazandım. U-20 Avropa çempionatının qalibi oldum”.
Xatırladaq ki, qızlardan ibarət millimiz U-20 Avropa çempionatları tarixində həm medalların əyarına, həm də toplanan xallara görə özünün ən yaxşı nəticəsinə imza atıb. Romada Elnurə Məmmədova (55 kq) ilə Birgül Soltanovanın (62 kq) qızıl, Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqovanın (72 kq) isə bürünc medal qazandığını xatırlatmaq yerinə düşər.
Bizi Facebook-da izləyin