Hədəflərini açıqladı – Azərbaycan millisinin baş məşqçisi
Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Pərviz Səmədov yenicə start verdikləri təlim-məşq toplanışından danışıb.
Komanda.az xəbər verir ki, o, federasiyanın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Mayın 15-dən təlim-məşq toplanışına başlamışıq. İlkin mərhələdə məşqlərə 24 voleybolçu cəlb etmişdik. Hazırda onlardan 18-i ilə hazırlığı davam etdiririk. Təlim-məşq toplanışımız Bakıda olacaq. Gələn ay isə ölkə xaricində hazırlıq keçmək və yoxlama oyunları keçirməyi planlaşdırırıq. İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının seçmə mərhələsinə bir aydan çox vaxtımız var. Düşünürəm ki, həmin vaxtadək oyunçularımız güclü məşqlər edərək daha yaxşı forma yığacaqlar.
Avropa çempionatının təsnifat mərhələsində güclü komandalarla bir qrupda mübarizə aparacağıq. Rəqiblərimiz Türkiyə və Danimarka milliləridir. İslamiadada isə hələlik kimlə oynayacağımız bəlli deyil. İstənilən halda, komanda meydana qələbə üçün çıxacaq. Əsas hədəfimiz hər iki yarışda uğurlu çıxış etmək, bizə bəslənilən ümidləri doğrultmaqdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin