“Bu klubların elə transferləri var ki…” – Müsahibə

Tanınmış futbol meneceri Vaqif Heydərlinin Komanda.az saytına müsahibəsi:

– Vaqif bəy, hazırda Azərbaycanın hansı klubları ilə əməkdaşlıq edirsiz?

– Demək olar ki, bütün klublarımızla əməkdaşlıq edirik. Sadəcə olaraq, əməkdaşlığımız hər klubla eyni səviyyədə deyil.

Son mövsümdə Azərbaycanın hansı klublarının transferlərini daha uğurlu sayırsız?

– Transfer məsələlərində diqqətdə olanlar “Qarabağ”, “Neftçi”, “Zirə” və “Sabah” klubları idi. Bu klubların elə transferləri var ki, həm oyunçu keyfiyyətinə görə, həm də futbolçuların göstərdiyi nəticələrə görə diqqət cəlb edirlər. Həmin klublar digərlərinə nisbətən daha öndədirlər.

– Hansı futbolçuların adlarını çəkə bilərsiz ki, diqqətinizi cəlb edir?

– Konkret futbolçu adı çəkmək lazımdırsa, “Zirə”dən Hamidu Keytanı qeyd etmək olar ki, o, digərlərinə nisbətən daha çox diqqət cəlb edir. “Sabah”ın futbolçuları da keyfiyyətlidir. Məsələn, “Sabah”ın legionerləri bütün oyunlarda parlaq olmurlar, lakin sabit oyun nümayiş etdirirlər. Bir sözlə, keyfiyyətli oyunçu olduqlarını göstərirlər. Məsələn, ukraynalı vinger Aleksey Kaşuk, Lukas Rangel keyfiyyətli oyunçu olduqlarını göstərirlər. Amma nəticə baxımından Keyta öndədir.

– Azərbaycanlı futbolçuların Avropanın ortabab klublarına üz tuta bilməmələrinin günahkarlarından biri də menecerlər deyil?

– Bu, subyektiv fikirdir, geniş müzakirələr aparmaq olar. Xeyli müddətdir bu sahədə çalışan biri kimi deyə bilərəm ki, biz menecerlər əlimizdən gələni etməyə çalışırıq ki, oyunçular xaricə getsin. Uğurlu olmamalarının çox müxtəlif səbəbləri var. Düzdür, əsas səbəbkar futbolçudur, amma burada ümumi problemlər də mövcuddur. Onların yetişdiyi akademiyalardan tutmuş, böyüdüyü mühitə qədər. Futbolçunun savadı, dünyagörüşü, peşəkarlığı da önəmlidir. Bu mövzunun cavabını bir neçə kəlimə ilə vermək çox çətindir.

– Hansısa azərbaycanlı futbolçuları xarici klublara göndərməyi düşünürsüz? 

– Bunu hər zaman düşünürük və bu sahədə bizdən çox çalışan yoxdur. Bu işdə Səbuhi Səfiyarlı ilə birlikdə çalışırıq. Daim əlaqədəyik, çalışmalarımız var. Son dövrlər pandemiya şəraiti bir az əngəl yaratdı. Lakin əlimizdən gələni edirik.

– Mahir Emrelinin Zaqreb “Dinamo”sundakı çıxışı azərbaycanlı menecerlərin işinə müsbət mənada təsir edirmi?

– Təkcə Mahir Emrelinin deyil, xaricdə olan, sabit, uğurlu çıxış edən istənilən futbolçumuzun oyunu hər kəsin işinə xeyirdir. Ölkə futbolunun tanınması üçün, sayılıb-seçilməsi üçün bu, çox vacib amildir. Xaricdə olan futbolçularımıza hamılıqla dəstək olmalıyıq. Xaricdə Mahir Emreli, Fərid Nəbiyev, Namik Ələskərov kimi futbolçularımız var. Çox deyillər ki, aralarında seçim edək. Dəstək olmalıyıq ki, karyeraları uğurlu olsun. Onların uğurlu olması digər futbolçularımız üçün də yol açacaq.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button