İslam gümüş, Eldənizlə Taleh bürünc medal qazandı – AÇ-də
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizəyə start verib.
Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib. Eldəniz 1/4 finalda əsas rəqiblərindən sayılan gürcü idmançıya da heç bir şans tanımayıb və vaxtından əvvəl qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Rusiya güləşçisinə uduzan Əzizli aprelin 13-də bürünc medal uğrunda türk idmançıyla güləşib və çətinlik çəkmədən qələbə qazanıb.
Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub. Daha sonra yerli idmançıyla görüş gərgin mübarizə şəraitində keçib və yenə sevinən tərəf təmsilçimiz olub. Beləliklə, Taleh də yarımfinala adlayıb. Ancaq bu mərhələdə Norveç idmançısına yenilib. Məmmədov da aprelin 13-də 3-cü yer uğrunda mübarizə aparıb. Rəqib fiziki göstəriciləriylə seçilən erməni güləşçi olub. Əsl güləşçi xarakteri nümayiş etdirən Taleh parlaq qələbəylə Avropa 3-cüsü olub.
Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyindən Elvin aprelin 13-də təsəlliverici görüşə çıxıb. Mürsəliyev dünya və Avropa çempionu olmuş erməni Arsen Culfalakyana minimal fərqlə uduzub.
İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb. İslam növbəti mərhələdə Ermənistanın dünya və Avropa çempionu ilə üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən sonuna kimi rəqibindən üstün olan Abbasov parlaq qələbə qazanaraq yarımfinala vəsiqə qazanan 3-cü yunan-Roma güləşçimiz olub. İslam yarımfinalda da əla güləş sərgiləyərək belaruslu rəqibinə sevinmək imkanı verməyib. Beləliklə, Abbasov ilk dəfə böyüklər arasında Avropa çempionatının finalına vəsiqə qazanıb. İslam aprelin 13-də həlledici qarşılaşmada son Olimpiadanın gümüş medalçısı, dünya və Avropa çempionu Jan Belenyukla üz-üzə gəlib. İlk hissəni minimal fərqlə öndə bitirən Abbasov ikincisi hissədə buraxdığı bir səhvin qurbanı olub və gümüş medalla kifayətlənib. Qeyd edək ki, bu, İslamın böyüklər arasında Avropa çempionatında ilk medalıdır.
Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli dünya çempionuna uduzub. Rza Kayaalpın finala yüksəlməsi Şəriətiyə mübarizəni aprelin 13-də təsəlliverici görüşlə davam etdirmək imkanı verib. Sabah ilk təsəlliverici görüşdə çətinlik çəkmədən xorvat güləşçini mübarizədən kənarlaşdırıb. İkinci təsəlliverici görüşdə yerli idmançıyla qarşılaşan yığma üzvü hakimlərin qərəzli idarəçiliyi fonunda xalçadan məğlub ayrılıb.
55 kq
Təsnifat – Eldəniz Əzizli – Sebastyan Kolompar (SRB) 9:0
1/4 final – Eldəniz Əzizli – Nuqzari Tsurtsumia (GEO) 9:0
1/2 final – Eldəniz Əzizli – Vitaliy Kabaloev (RUS) 5:7
Bürünc medal görüşü – Eldəniz Əzizli – Şerif Kılıc (TUR) 8:0
63 kq
Təsnifat – Taleh Məmmədov – Donior İslamov (MDA) 8:3
1/4 final – Taleh Məmmədov – Mihay Radu Mihut (ROU) 8:7
1/2 final – Taleh Məmmədov – Stiq-Andre Berqe (NOR) 2:5
Bürünc medal görüşü – Taleh Məmmədov – Slavik Qalstyan (ARM) 6:2
77 kq
Təsnifat – Elvin Mürsəliyev – Roland Şvarts (GER) 0:6
Təsəlliverici görüş – Elvin Mürsəliyev – Arsen Culfalakyan (ARM) 1:2
87 kq
Təsnifat – İslam Abbasov – Denis Kudla (GER) *1:1
1/8 final – İslam Abbasov – David Çakvetadze (RUS) 2:1
1/4 final – İslam Abbasov – Maksim Manukyan (ARM) 6:1
1/2 final – İslam Abbasov – Nikolay Stadub (BLR) 4:0
FİNAL – İslam Abbasov – Jan Belenyuk (UKR) 1:5
130 kq
Təsnifat – Sabah Şəriəti – Stepan David (CZE) 7:1
1/8 final – Sabah Şəriəti – Rza Kayaalp (TUR) 0:5
Təsəlliverici görüş – Sabah Şəriəti – Ante Milkoviç (CRO) 10:2
Təsəlliverici görüş – Sabah Şəriəti – Alin Aleksuk Kiurariu (ROU) 0:2
Bizi Facebook-da izləyin