“Təkcə Əli Qurbaninin heyətdə olmasını niyə bu qədər problem edirlər, bilmirəm” – Müsahibə

“Sumqayıt” komandasının baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

  • Ayxan bəy, bir neçə gün əvvəl Türkiyənin “Trabzonspor” klubunun düşərgəsində olduz. Təəssüratlarınız nədir?
  • “Trabzonspor” haqda çox şey danışmaq olar. Türkiyənin dörd böyük klubundan biridir. Əvvəlcə, şəhərin komandaya yanaşması, sevgisi çox yaxşıdır. Azarkeşlər komanda ilə nəfəs alırlar. Bunu şəhərdə hiss etmək olar. Əlbəttə, Abdullah Avcının baş məşqçi postuna gəlişindən sonra azarkeşlər daha ümidlidir, çempion olmaq istəyirlər. Baxırsan, komandada 15 legioner var və bunların çoxu milli komanda oyunçusudur. “Trabzonspor” qarşısına çempionluq hədəfi qoyub. Onların məşq, iş proseslərini yaxından görmək maraqlıdır. Klubun yaxşı bazası, məşqçilər, işçilər heyəti var. Demək olar ki, hər şərait var. Futbolçuların tez bir zamanda bərpa olunması üçün şərait var. Klubda bunlar yaradılıb. Klubun demək olar ki, heç bir problemi yoxdur. Türkiyədə belə şeylərə ciddi yanaşırlar. Məşqçilər heyəti ilə danışdıq, fikir mübadiləsi apardıq. Belə səfərlər, təcrübələr bizim üçün faydalıdır. Ümumilikdə, təəssüratlarım yaxşıdır. Maraqlı səfər alındı.
  • Klubda gördüklərinizlə Azərbaycandakı həmin struktur arasında nə kimi fərqləri müşahidə etdiz?
  • Bu gün bizim klublarla onların arasında fərq var. Bu, danılmazdır. Bir-iki komandamız onlara çatmaq istəyir, bəlkə də, bəzilərindən üstün ola bilərlər. Amma digər tərəfdən, biz onlardan geridə qalırıq. Bunun da başlıca səbəbi maliyyə məsələlərdir. Şəraitin qurulması üçün klubun böyük büdcəsi olmalıdır. Biz klubun, akademiyamızın inkişafını istəyiriksə, bunları etməliyik. Demirəm ki, dərhal hamısını etməliyik. Sadəcə yavaş-yavaş bunları etmək lazımdır. Başlamaq lazımdır.
  • Azərbaycan milli komandası DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi son üç oyunun ikisində uduzdu, birində heç-heçə etdi. Nəticələr və sərgilənən oyunla bağlı fikirləriniz nədir?
  • Bu barədə danışmaq çətindir. Bu gün onu deyə bilərəm ki, millinin çox yaxşı heyəti var. Bəlkə də, son illərdə belə heyət olmayıb. Həqiqətən, iki heyətimiz var ki, sabit çıxış edə bilər. Bu oyunçular bir neçə il əvvəl aşağı yaş qruplarında yaxşı çıxış edirdi. Belə heyət əvvəlcədən gözlənilirdi. İndi də gənc futbolçular şans qazanır. Bu oyunçular birlikdə 7-8 il oynaya bilərlər. Nəticələr və sərgilənən oyun haqda danışmaq çətindir. Mən klubda baş məşqçilik edirəm. Milliyə uğurlar arzu edə bilərəm, ümid edirəm ki, irəlidə yaxşı nəticələr olacaq və bunun üçün çalışmaq lazımdır.
  • Azərbaycan millisində “Sumqayıt”dan çıxış edən oyunçular çoxdur. Onların performansı haqda nə deyə bilərsiz?
  • Biz həmişə istəyirik ki, “Sumqayıt”dan milliyə gedən oyunçular çox olsun. Bu, təkcə əsas milliyə aid deyil. Digər yaş qruplarında da futbolçularımızın çox olmasını istəyirik. Futbolçu nə qədər çox beynəlxalq oyuna çıxsa, bu, onların inkişafı üçün yaxşıdır. Bu, bizi sevindirir. Kim şans qazanırsa, çalışır ki, bundan yaxşı istifadə etsin. Milliyə daha çox futbolçu vermək istəyərdik.
  • Lüksemburqla oyunda (1:2) Mahir Emrelinin ehtiyatda qalması və Əli Qurbaninin ilk dəqiqədən meydanda olması mətbuatda narazılığa səbəb oldu.
  • Klub baş məşqçisi olaraq millidə hansısa futbolçunun heyətdə olması və ya kənarda qalması haqda danışmağım düzgün olmazdı. Yəni bu, baş məşqçinin seçimidir. Hər bir məşqçinin öz ideyası var. Futbol idmanın şahıdır. Çox adam idmanın digər növlərindən söz açmır. Amma futboldan hamı danışır. Məşqçi kimi yanaşmaq başqa, azarkeş kimi baxmaq başqa, mütəxəssis kimi baxmaq başqadır. Əli heyətdə olub və komanda məğlub olubsa, o demək deyil ki, uduzan Əlidir. Düzdür, Əli istədiyi kimi oynaya bilmədi, nəticə də yaxşı olmadı. Amma bu o demək deyil ki, Əlinin yerinə başqası olsaydı, komanda udacaqdı. Təkcə Əli Qurbaninin heyətdə olmasını niyə bu qədər problem edirlər, bilmirəm.
  • Siz Canni De Byazinin yerində olsaydız, Mahiri oynadardız, yoxsa Əlini?
  • İstəyərəm ki, Mahir də oynasın. O, Azərbaycanın ən istedadlı futbolçularındandır. Onun Polşadan daha da yaxşı ölkələrə gedəcəyini düşünürəm. Mən hər zaman ilin ən yaxşı futbolçusu adına namizədlərin sorğusunda Mahirin adını çəkirdim. O, Azərbaycanın ən yaxşı futbolçularındandır. Buna baxmayaraq, qərarı baş məşqçi verir. Bu haqda müzakirə etmək istəməzdim.
  • Premyer Liqada artıq fasilə bitir. Milli komandaların oyunlarına görə yaranan fasiləni necə dəyərləndirdiz?
  • Premyer Liqada fasilə bitir və bu vaxtdan istifadə etməyə çalışdıq. Yoxlama oyunları oynadıq və az şans qazanan futbolçularımızı oynatdıq. İnşallah, millidəki futbolçular qayıtdıqdan sonra yenidən hazırlıqlarımıza davam edəcəyik. Çempionatın gərgin keçəcəyini düşünürəm. Klublarımız transfer edir, güclənməyə çalışır. Heç kim tez təslim olmaq istəmir.
  • Yeni transfer gözlənilir?
  • Bir transfer istəyirik. Hücumçu axtarırıq. İşlər gedir, qismət olsa, gerçəkləşdirə biləcəyik. Hücumda daha bir futbolçumuzun olmasını istəyirik. Bundan əlavə, elə bu heyətimizlə davam edəcəyik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button