“Barselona” onunla rəsmən vidalaşdı
İspaniyanın “Barselona” klubu yarımmüdafiəçisi Mateus Fernandes ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə, 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.
Fernandes 2020-ci ilin avqustunda Braziliyanın “Palmeyras” klubundan 7 milyon avro qarşılığında “Barselona”ya transfer edilmişdi. Onun La Liqa nəhəngi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqaviləsi vardı.
Braziliyalı futbolçu “Barselona”da demək olar ki, oynamaq şansı qazanmayıb. O, Kataloniya təmsilçisində cəmi bir oyuna çıxıb ki, bu da UEFA Çempionlar Liqasında Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə səfər görüşünə təsadüf edib. Komandasının 4:0 hesabıyla qalib gəldiyi matçda sonradan meydana buraxılan yarımmüdafiəçi, cəmi 17 dəqiqə şans qazanmışdı. “Barselona” 2020-ci ildə onu “Valyadolid”ə də icarəyə vermişdi.
Qeyd edək ki, Fernandes “Palmeyras”dan öncə “Botafoqo”da da çıxış edib.
Bizi Facebook-da izləyin