Futboldan qaçış
Rəşad Fərhadoğlu
Bütün azərbaycanlıları birləşdirən dəyər nə keçmişimiz, nə mədəniyyətimiz, nə kimliyimiz, nə də ağlımızdan keçən hansısa başqa amildir. Bizi ortaq edən hamılıqla Fəxrəddin olmamızdır. İstər yaxşı, istərsə yamanlarımızla fəxr etmişik, edirik, edəcəyik də. Mazaxizm inkişafına görə iqtisadiyyatı da qabaqlayır, mədəniyyəti də. Bizə formula 1 deyil, “F5” lazımdır. Sürət həddini təkcə Hüseynov Sürətlə deyil, ondan sonra da aşmışıq. Özəlliklə futbolumuzda. Başqaları meydançada, biz isə tribunadan qaçırıq. Başqaları futbola qaçır, bizimkilər futboldan qaçır. Dünyanın qalan hissəsi ilə fərqlənməmiz özümüzlə, xarakterimizlə bağlı deyil, xaraktersizliyimizlə bağlıdır. Müharibənin və alverin ən şıdırğı vaxtı Azərbaycan adlı endemik dövlətin sakinləri futbolla maraqlanıb, ona zaman ayıra biliblərsə, deməli, problemin kökünü xalqı “kökaltı”na salanlarda axtarmaq lazımdır.
Hamılıqla, “futbolumuzun durumu” deyən kimi, MRL (Musayev Raminin Liqası) iştirakçılarının sayının 8 olduğunu qabardırıq. Halbuki qabaran bu olmamalıdır. Çünki xalqa qabaran başqa şeylər də var! İndiki AFFA rəhbərliyinin futbola vurduğu ən böyük zərbə xalqın və prezidentin bu idman növündən soyuması oldu. Sanki neftçıxaranlara deyil, soyuducuqayıranlara həvalə olunub AFFA. Pulu “yeyib”, üstündən bir fincan qəhvə içmək üçün rahatlıq önəmlidir. Azarkeşlərin sayı bu rahatlıqla birbaşa əlaqəlidir. Olmamaları daha məqbul variantdır. Prezident Avroliqanın final matçının təşkilatçılığı üçün fərmanları sıralayır, futbolun başbilənləri “quşlar”ı. Aradakı fərq böyük olsa da, bizə istisi-soyuğu yoxdur. Çünki hamımız Banişevskiyə dönmüşük, yəni, canlı heykəllərik.
Seçki vacibdir. Özü də şəffafından. Qoy xalq, futboldan soyudulmuş və soyulmuş xalq, kimi istəyir, federasiya başqanı seçsin. Əlbəttə ki, söhbət xalqın AFFA prezidentini ölkə prezidenti kimi seçməsindən getmir. Cəmiyyətin nəbzini azacıq yoxlasaq, kütlənin kimi həmin postda görmək istədiyinin şahidi olarıq. Kütlə və ya xalq deyərkən, AFFA-dan aldığı təqaüdə görə mütləq əksəriyyəti “yalahürən” olan kəsləri demirik. Boynunu büküb, kənara çəkilən, cəmiyyətin eybəcərlikləri ilə barışmayanları nəzərdə tuturuq. Azərbaycan futbolu Elçin Məmmədova, Xaqani Məmmədova, Oqtay Abdullayevə, Tahir Süleymanova və Süleymanov Tahirə, İsgəndər Cavadova, Maşallah Əhmədova və başqalarına həvalə olunmalıdır. Yeməyə adam tapmayanda, məcbur qalıb işləyəcəklər. İşləməsələr belə, qımıldayacaqlar. Elxan Məmmədovu isə birbaşa SOCAR-a prezident göndərmək lazımdır. Neftin “anasını ağlatmaq” üçün.
Az əvvəl Tahir Süleymanovun adını təsadüfən iki dəfə qeyd etmədim. Bu adamı hamıdan tez işlə təmin etmək lazımdır ki, teleproqramları izləyəndən sonra insanların şüuru pozulmasın, ağı-qaradan, Qaranı Maksimdən seçə bilsinlər. Yoxsa, bolşevizmin təbliğat maşını yalan olacaq.
Bizi Facebook-da izləyin