“Turan Tovuz” mənə çörək verib, mən də əlimdən gələni etmişəm” – MÜSAHİBƏ

“Şamaxı” Azərbaycan Premyer Liqasının son turunda evdə “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub oldu.

“Şirlər”in müdafiəçisi Abdulla Rzayev oyundan sonra Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Komanda sanki, ümumilikdə pis təsir bağışlamadı. Amma həmin aqressivlik yox idi. Məğlubiyyətdə səbəb nəyi görürsən?

– “Aqressivlik yox idi”deməzdim. Oyuna çox yaxşı hazırlaşmışdıq. “Araz-Naxçıvan”a təzə baş məşqçi gələndən sonra fərqli oyun, daha fərqli şeylər istəyirdi. Ona uyğun hazırlaşmışdıq. Komanda topla yaxşı oynayırdı, hücumlara yaxşı çıxırdı. “Araz-Naxçıvan”ın büdcəsi, oyunçuların keyfiyyəti çox üstündür. Biz bura qədər həmişə mübarizə aparmışıq, əlimizdən gələni etmişik. Bu oyunda da eyni şeyi etdik. Sadəcə, ələ düşən fürəstləri istifadə edə bilmədik. Qələbəyə yaxın tərəf biz idik. Çünki çox fürsətlərimiz oldu. Bir səhv oldu, rəqib istifadə etdi və qələbə qazandı. Düşünməzdim ki, pis oynadıq. Məncə, komanda çox yaxşı oynadı, sona kimi mübarizə apardıq. Çox epizodlarımız oldu ki, top qapıya girməyəndə girmir.

– Epizod demişkən, sənin də fürsətin oldu.

– Neçənci dəfədir ki, epizodlara girirəm. Məşqdə ən xoşladığım şey odur ki, epizodlara çox girim. Çalışacam son vuruşları düzəldim. Bundan əvvəl də neçə oyun olub, son vuruşları ya qapıçı çıxardır, ya da top çölə çıxır. Çalışacam bunları düzəldim və daha da artırım. Hədəf ancaq artırmaqdır.

– Səncə, oyunun ədalətli nəticəsi nə idi?

– Mənə görə, biz qələbə qazanmalı idik. Çünki çox yaxşı oynadıq, çox fürsətlərimiz oldu. Karim Rossinin, Abdullahi Şuaybunun, mənim qol imkanlarımız var idi, yararlana bilmədik. Rəqibin səhv etmirəmsə, ilk yarıda bir epizodu oldu, ya olmadı. İkinci hissədə isə bir imkanı oldu, ondan da yararlandı. Rəqibimiz yaxşı hücumlar qura bilirdi, cinahlardan yaxşı “asmalar”ı var idi, bu öz yerində. Amma yüz faizlik epizodlarda biz daha üstün idik. Məncə, biz qələbə qazanmalıydıq.

– Sabiq komandana qarşı oyunda özünü sübut baxımından hansısa hisslər var idi, yoxsa, bu, artıq keçmişdə qalıb?

– “Özünü sübut” dedikdə, “Araz-Naxçıvan”da oynamışam, amma mən özümü öz komandama, öz baş məşqçimə göstərməyə çalışıram. Uzun müddətdən sonra mənə şans verildi, gəldim, qoşuldum. Oyundan-oyuna artırmağa çalışıram, səhvlərimin üzərində işləyirəm. Nəinki “Araz-Naxçıvan”, bu gün hansı komandaya qarşı meydana çıxsam, yenə əlimdən gələni edəcəm. “Araz-Naxçıvan” haqda da ancaq xoş sözlər deyə bilərəm, karyeramın ən gözəl vaxtları orada və “Kəpəz”də oldu.

– Səncə, həmin “Araz-Naxçıvan” güclü idi, yoxsa indiki?

– İkisinin də ayrı-ayrı üstün cəhətləri var. Müqayisə etməyim hardasa, düzgün olmaz. İndi də çox yaxşı, keyfiyyətli – Ramon Maçado, Felipe Santos, Patrik Andrade kimi istedadlı futbolçular var. Həmin “Araz-Naxçıvan” da yaxşı idi, amma məncə, indi daha üstündürlər.

– Deyəsən, Kristian Avramla (“Araz-Naxçıvan”ın qapıçısı) da aran yaxşıdır. Hətta zarafatlaşırsız…

– Mən o komandadan çıxmışam, onlara hörmət bəsləyirəm. Hansı komandanı tərk edirəmsə, hansısa komandada oynamasam belə, bütün futbolçulara hörmətlə yanaşıram. Çünki bu bizim işimizdir. Meydançada dava olsa belə, hər kəs aralamağa, sakitləşdirməyə çalışır.

“Şamaxı”da daha çox şans qazanırsan, amma əvvəlki komandan “Turan Tovuz”da belə deyildi. Peşman deyilsən ki, kaş elə əvvəldən burada oynayardın?

– Təbii ki, oynamaq istəyərdim. Amma belə gətirib, futbolda belə şeylər olur. Mən ora gedəndə fikirləşmirdim ki, oynamayacam. Sadəcə olaraq, orada öz mövqeyimdə oynamırdım. Bura gəldim, mövqeyimdə oynadım. Oyundan-oyuna daha da artırmağa çalışdım. “Turan Tovuz” haqda ancaq xoş sözlər deyə bilərəm. Heç bir problemim yoxdur, nə məşqçi ilə, nə də rəhbərliklə. Bizimlə oyundan sonra da söhbət etdik, dedik-güldük. Çünki futbolçu bu gün burada varsa və sabah gedirsə, o demək deyil ki, orada yediyi çörəyə tüpürsün. Mən də elə insan deyiləm. Onlar mənə çörək verib, mən də əlimdən gələni etmişəm.

– “Şamaxı”ya gələndə həm də milli komandanın baş məşqçisi olan Ayxan Abbasov amili qərarına təsir etmişdi?

– Belə deməzdim, bura gəlişim ani oldu. Əvvəlcədən danışıq olmamışdı. Tərəflər arasında danışıq olan kimi bura gəldim. Sevinirəm ki, çox yaxşı qərar olub.

– Turnir cədvəlində nə aşağı düşürsüz, nə də yuxarı qalxa bilirsiz…

– Yuxarı qalxmağa çalışırıq.

Dördüncü yerə kimi yüksələ bilərsiz?

– Ən azı beşinci, altıncı yerlər. Nə qədər bacarırıqsa, yuxarı qalxmağa çalışırıq. Bu gün də çalışırıq qələbə qazanaq. Biz yerimizdə qalmaq istəsəydik, müdafiəyə daha çox diqqət yetirərdik.

– Qarşıdan millinin “FİFA Series-2026” turniri gəlir. Sənin üçün həmin oyunlar, yoxsa U-21-in Portuqaliya yığması ilə qarşılaşmasında çıxış vacibdir?

– Bilirsiz, ən xoşlamadığım şeydir ki, öz oyunumu danışım, təkəbbürlü insanları sevmirəm. Özüm də belə biri deyiləm. Layiq görülürəmsə, dəvət olunuramsa, təbii ki, bu, mənim üçün bir qürurdur. Azərbaycanlı futbolçunun ən böyük qüruru milli komandada oynamaqdır. Layiq görülmədiyim hallarda belə, üzərimdə işləməyə çalışıram ki, daha da yaxşı olum.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button