“Ağabala komandanın liderlərindəndir, soyuqqanlı olmalıdır” – Müsahibə

“Zirə” klubunun baş məşqçisi Zaur Həşimovun Komanda.az saytına müsahibəsi:

  • “Qəbələ” ilə oyunda hesabı açsaz da, sona qədər üstünlüyünüzü qoruya bilmədiz. Məğlubiyyətin səbəbi nə idi?
  • Düzdür, məğlub olduq. İkinci hissədə üstünlüyü əldən verdik. Ancaq komanda sona qədər vuruşdu.
  • Qələbə üçün nə çatmadı?
  • “Qəbələ”nin ik-üç epizodu oldu. Buraxdığımız qollara da epizod demək olmaz. Uzaqdan gələn “asma”lar idi, onlar da qol oldu.
  • Son turlarda Orxan Sadıqlı çox səhvlər edir…
  • Bəli, neçə turdur ki, itkilərimiz var. Yerli futbolçularda problemlər yaşayırıq. Ona görə də, hər dəfə Orxanı ümidlə qapıya qoyuruq. Əlimizdə olan futbolçulardan heyət qururuq. Hər həftə yenə eyni ümidlə çıxırıq ki, xal alaq. Hər oyuna qələbə üçün hazırlaşırıq, ancaq alınmır.
  • Orxan Sadıqlının bu qədər səhvindən sonra nə üçün Boyan Zoqoviçə şans vermirsiz?
  • Onu heyətə qoya bilmirik, çünki altı legioner limiti var. Heyətdə Zoqoviçi oynatmaq üçün gərək yerlilərdən istifadə edək. Yerli futbolçularla da problem yaşayırıq: zədəlisi, cəzalısı var. Bu səbəbdən Zoqoviçi oynada bilmirik. Heyətlə bağlı problemimiz var. Məsələn, mərkəz müdafiəçisi Adrian Skarlatakeni sağ cinahda oynadırıq, Nicat Süleymanov dayaq yarımmüdafiəçisidir, biz onu solda, müdafiədə oynadırıq. Belə problemlərimiz var.
  • Orxan Sadıqlı qapıda etibarsız çıxış edir, Riçard Qadze də əlinə düşən imkanlardan yararlana bilmir…
  • “Qəbələ” ilə oyunda imkanlarımız oldu. Qadze hücumçudur, onlarda belə şeylər olur. Üç-dörd oyun qol vura bilmir, daha sonra vurur. Məşqlərdə çalışdığımız hücumlardan birini dünən etdik və İlkin Muradov qol vurdu. Nə olur olsun, qapı və müdafiə etibarlı olmalıdır. Hər hücumun qol olmaya bilər, ancaq qapıya gələn hər zərbə qol olacaqsa, əlbəttə ki, uduzmalısan. “Qəbələ” ilə oyunda “çərçivə”yə cəmi iki zərbə gəldi və qol oldu. Təsəvvür edirsiz? İki zərbə və qol! Onlar da heç zərbə deyildi, “asma” idi, getdi girdi qapımıza.
  • Qapıçı məsələsiylə bağlı nəsə tədbir görəcəksiz?
  • Tədbiri biz hər həftə görürük. Görək bu həftə uşaqların vəziyyəti nə olacaq, Tellur Mütəllimov qayıdacaqmı, ya yox? Heyətdə problemlərimiz çox olur. Eyni futbolçularla üç-dörd həftə oynaya bilmirik. Bu, bizə ziyan vurur.
  • Heyətdə yerli futbolçularla bağlı problemlərin olduğunu dediz. Ağabala Ramazanov “Sumqayıt”la, Cavid Hüseynov da “Qarabağ”la oyunda qırmızı vərəqə aldı. Onların bu hərəkətini intizamsızlıq kimi qəbul etmirsiz?
  • İntizamsızlıq deyəndə, onların ikisinin də vərəqəsini psixoloji durumla əlaqələndirirəm. Həm Ağabala, həm də Cavid psixoloji təzyiqə tab gətirə bilmədi. İntizamsızlıq odur ki, futbolçu məşqə gəlmir, ya gecikir, ya da başqa şeylər. Oyundan əvvəl də bilirdik ki, üzərimizdə təzyiq güclüdür. Bunun öhdəsindən lider futbolçular gəlməlidir. Ağabala da komandanın liderlərindəndir, soyuqqanlı olmalıdır.
  • Cavid Hüseynovun qırmızı vərəqəsini hardasa psixoloji durumla əlaqələndirmək olar, ancaq Ağabalanın epizodu adi vəziyyət idi və rəqibini təpiklə vurduğu üçün qovuldu.
  • Yox, niyə? “Sumqayıt”la oyunda hesab 1:1 idi, artıq bir qırmızı vərəqə almışdıq. Üstünlük də “Sumqayıt”da idi və Ağabala bir az səbirsizlik elədi. Bunu intizamsızlığa bağlamıram.
  • Növbəti turda “Səbail”lə qarşılaşacaqsız. Hər iki komandanın 20 xalı var və 6-7-ci sıraları bölüşürsüz. Məğlub olacağınız halda, 7-ci pilləyə yuvarlana bilərsiz.
  • Biz hər oyuna üç xal qazanmaq üçün hazırlaşırıq. Uşaqlara da demişəm ki, turnir cədvəlinə çox nəzər salmasınlar. Çünki əlavə təzyiqdir. Qış fasiləsinə qədər də aşağılara düşmüşdük, ancaq sonra 4-cü pilləyə yüksəldik. O vəziyyətdən çıxa bilmişdik. Bizdən başqa da xal itirən komandalar olacaq.
  • Növbəti turlardakı mümkün məğlubiyyətlər istefa verməyinizə səbəb ola bilər?
  • Bu suala indi cavab vermək düzgün olmaz. Çünki hələ çempionatın bitməsinə iki ay qalıb. Əlimizdən gələni edirik ki, yaxşı nəticə qazanaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button