
Zidan Fransa millisi ilə anlaşıb
Fransa millisində baş məşqçi dəyişikliyi gözlənilir. Məlumata görə, 53 yaşlı mütəxəssis Zinəddin Zidan Fransa Futbol Federasiyası ilə şifahi razılığa gəlib və yaxın gələcəkdə komandanın “sükanı arxasına” keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın sabiq baş məşqçisi qarşıdakı dünya çempionatından dərhal sonra Fransa milli komandasına rəhbərlik edəcək. Bununla da Zidan beş illik fasilədən sonra yenidən məşqçilik fəaliyyətinə qayıdacaq.
Hazırda yığmanı çalışdıran Didye Deşam bu vəzifəni 2012-ci ilin yayından tutur. Fransa millisi onun rəhbərliyi altında dünya və qitə miqyasında böyük uğurlara imza atıb.
Bu il keçiriləcək dünya çempionatının qrup mərhələsində fransalıların rəqibləri Seneqal və Norveç milliləri olacaq. Üçüncü rəqib isə pley-off oyunlarının nəticəsinə əsasən müəyyənləşəcək.
Mundialın 11 iyun-19 iyul tarixləri arasında keçirilməsi planlaşdırılır.
Bizi Facebook-da izləyin



