Zaur Axundov Komanda.az-ın səsini eşitdi!

Azərbaycan Premyer Liqasında 17-ci tura fevralın 16-da start veriləcək. Bu dəfə də turun oyunları iki gün ərzində keçiriləcək.

“Zirə”nin sevinci boğazında qalacaq?

Ötən tur nəhayət, futbolda qələbənin, 3 xal qazanmağın nə demək olduğunu yadına salan “Zirə”ni bu dəfə daha ciddi rəqiblə görüş gözləyir. Bəli, ikisi də eyni cibdən maliyyələşsə də, ikisi də AFFA-nın nəzarətində olsa da, “Neftçi” hər halda, “Səbail” deyil. “Zirə” ötən tur gözlənilmədən 3-cü pillədə yer alan “Səbail”i məğlub edərək, “zirzəmi”dən çıxa bildi. İndi həmin “zirzəmi”nin sakini “Keşlə”dir. Samir Abasovun komandası yenidən “zirzəmi”yə düşməmək üçün “Neftçi”ni məğlub etməyə çalışacaq. Amma “neftçilər” turnir cədvəlinin liderliyini əldən buraxana oxşamır. “Qarabağ” “Neftçi”nin büdrəməsini gözləyir. Gözləyir ki, son illərdə alışdığı liderliyə təkrar qovuşsun. “Ağ-qaralar” da bunu bilirlər və bu üzdən, “Zirə”ylə qarşılaşmada xal itirməmək üçün əllərindən gələni edəcəklər. Bu isə o deməkdir ki, Zirə təmsilçisinin sevinci elə bu turda düyünə çevrilib, boğazında qala bilər.

Statistika nə deyir?
“Neftçi” son 4 oyunda meydandan qolsuz və xalsız ayrılmayıb. “Zirə”nin ev oyunlarında heç-heçə qeydə alınmayıb.
Zirə – Neftçi: 14 oyun, 8 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət, top fərqi 18-11

PFL, gələcəyin böyük məşqçisinin qarşısını kəsmə!

Azərbaycan futbolunun ən komik klublarından birinə çevrilməkdə olan “Keşlə” isə “Sumqayıt”la üz-üzə gələcək. Keşlə təmsilçisi “Zirə”nin ötən turda qələbə qazanmasından sonra aşkar autsayderə çevrilərək, “zirzəmi”yə düşüb. Baş məşqçi Tərlan Əhmədovun komandanı bu durumdan çıxarmaqda aciz olduğu aşkar görünür. Bəs çıxış yolu nədir? Əlbəttə, klub prezidenti Zaur Axundovun nəhayət, məşqçi kimi bacarığını ortaya qoyması. Biz nə zamandır yazırıq ki, Axundov özü “Keşlə”yə baş məşqçilik etsin. Deyəsən, axır ki, cənab Axundov səsimizi eşidib. O, son müsahibələrdən birində PFL-ə müraciət edərək, oyunlar vaxtı texniki zonada əyləşmək üçün icazə istəyəcəyini bildirib. Vəssalam! Ən düzgün qərar budur, Zaur müəllim. Ən yaxşı məşqçi elə siz özünüzsüz (ümid edirik ki, Axundov ironiyanın nə demək olduğunu bilir)!

Statistika nə deyir?
“Keşlə” 15 oyundur meydanı qolsuz tərk eləmir. Son 6 görüşdə hər iki komanda qol vurub. “Sumqayıt” səfərdə 3 matçdır uduzmur.
Keşlə – Sumqayıt: 26 oyun, 13 qələbə, 7 heç-heçə, 6 məğlubiyyət, top fərqi 41-25

Məğlubiyyəti unutdurmaq üçün münasib rəqib

Son turda “Zirə”yə uduzan “Səbail”, Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşmasının təsadüf, ya da Azərbaycan futbolunun eybəcərliklərindən biri olduğunu növbəti dəfə sübut etdi. İndi isə AFFA-nın “layihə”si olan bu komandanı “Zirə”dən daha güclü, daha möhkəm rəqib – “Sabah”la qarşılaşma gözləyir. Premyer Liqanın debütantı ötən turda doğma meydanda “Qəbələ”yə minimal hesabla məğlub olub. Elşad Əhmədovun komandası “qırmızı-qaralar”a yenilginin əvəzini “Səbail”dən çıxmağa çalışacaq, bu, dəqiqdir. Əslində, “Səbail” də “Qəbələ” məğlubiyyətini unutdurmaq üçün münasib rəqibdir. Bir daha deyirik, bu komandanın 3-cü pillədə qərarlaşması sizi çaşdırmasın.

Statistika nə deyir?
“Səbail” əvvəlki iki oyunda uduzmayıb. “Sabah” rəqibinin qapısına qol vura bilməyib.
Səbail – Sabah: 2 oyun, 1 qələbə, 1 heç-heçə, 0 məğlubiyyət, top fərqi 4-0

“Qəbələ” bu “imtahan”dan üzüağ çıxsa…

Turun son matçı son illərdə Azərbaycanı avrokuboklarda uğurla təmsil etmiş komandalar arasında olacaq. “Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edəcək. Bu oyun həm də, “turun mərkəzi qarşılaşması” statusundadır. Qəbələ təmsilçisi əvvəlki günlərindən xeyli uzaqdır, baxmayaraq ki, “qırmızı-qaralar” son turlarda dirçəldiyini göstərir. Oyunun favoriti “Qarabağ”dır. “Köhlən atlar” lider “Neftçi”dən uzaqlaşmamaq üçün çempionatdakı əsas rəqiblərindən olan “Qəbələ” ilə görüşdə xal itirməməyə çalışacaq. Sənan Qurbanovun komandası isə Bakıdan 1 xalla da dönsə, bunu özünə qənimət hesab edə bilər. Qələbə isə qəbələlilərin 3-cü pilləyə gedən yolunu bir qədər də qısaldacaq.

Statistika nə deyir?
“Qarabağ” ardıcıl 3 qələbə qazanıb. “Qəbələ” səfərdə 7 oyundur qalib gəlmir.
Qarabağ – Qəbələ: 42 oyun, 20 qələbə, 12 heç-heçə, 10 məğlubiyyət, top fərqi 56-38

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button