“Yurçeviçin istefası gündəmdə deyil” – AFFA rəsmisi

Azərbaycan milli komandasının Slovakiya yığmasına 1:5 hesabı ilə uduzmasından sonra “baş məşqçinin istefası gündəmdə deyil”, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) “BBC News Azərbaycanca”ya deyilib.

Komanda.az xəbər verir ki, Bakıda keçirilmiş oyun zamanı stadionda azarkeşlər “istefa” tələbləri səsləndiriblər. Onlar, həmçinin AFFA rəhbərliyinin də “istefa verməsini” istəyiblər, yerli media yazır.

“BBC News Azərbaycanca” 2019-cu ilin fevralından bəri Azərbaycan milli komandaya baş məşqçilik edən Nikola Yurçeviç ilə əlaqə saxlaya bilməyib.

O, oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən Azərbaycan yığmasının “ağır məğlubiyyətinə görə” üzr istəyib.

AFFA-dan qurumun idarəçiliyi ilə bağlı tənqidlərə şərh verilməyib.

İyunun 11-də AÇ-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan-Slovakiya futbol komandalarının qarşılaşması zamanı Azərbaycanın milli yığması qonaqlara 1:5 hesabı ilə uduzub.

AFFA nə deyir?

AFFA-dan qurumun idarəçiliyi ilə bağlı tənqidlərə münasibət bildirilməyib və deyilib ki, hazırda “baş məşqçinin yığmadan uzaqlaşdırılması” kimi məsələ “gündəmdə deyil”.

“AFFA rəhbərliyi, prezident qurumun konfransında seçilir, baş katibi İcraiyyə Komitəsi təsdiqləyir. Konfransın üzvləri isə futbol ictimaiyyətinin üzvləridir. Onlar AFFA rəhbərliyinə etimad göstəriblərsə, mən başqa söz deyə bilmərəm”, qurumun sözçüsü Firuz Abdulla bildirib.

AFFA İcraiyyə Komitəsi oyundan sonra milli komandanın baş məşqçisi Nikola Yurçeviçin də iştirak etdiyi təcili toplantıda son iki oyunda göstərilən uğursuz nəticələri müzakirə edib, qurum bildirib.

“Macarısatan və Slovakiya oyunlarında qeydə alınan məğlubiyyətlə bağlı müzakirədə baş məşqçi bildirdi ki, çox az vaxtı olduğundan geniş hesabat verə bilməyəcək. Amma müəyyən məlumatları verdi. O, yaxın vaxtlarda İcraiyyə Komitəsinə daha geniş məlumat təqdim edəcəyini bildirdi. İndiyə olan məlumat bu qədərdir”, Firuz Abdulla toplantını şərh edib.

Bununla belə, Firuz Abdulla oyundan sonra hesabat verilməsini “prosedur qaydalardan biri olduğunu və qeyri-adi heç nə baş vermədiyini” də qeyd edir.

AFFA-nın açıqlamasında o da deyilir ki, İcraiyyə Komitəsinin ümumi rəyinə görə, Azərbaycan milli komandasının futbolçuları “üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər”.

Baş məşqçi nə deyir?

Nikola Yurçeviç milli yığmaya baş məşqçi təyin olunanda Bakıda keçirdiyi ilk mətbuat konfransında bildirmişdi ki, AFFA onun qarşısında daha yaxşı çıxış etmək və AÇ-2020-ə çıxmaq vəzifəsi qoyub.

Oyundan sonra keçirilən mətbuat konfransına gəlincə isə baş məşqçi bu məğlubiyyətin “utancverici” olduğunu deyib və azarkeşlərdən buna görə üzr istəyib.

Amma o, mətbuat konfransında bir neçə dəfə rəqib komandanın güclü olduğunu vurğulayıb. O deyib ki, Slovakiyanın transfer dəyəri 25 milyon avro olan oyunçusu var, ancaq Azərbaycan komandasının ümumi dəyəri bu qədər deyil.

Baş məşqçi Slovakiya futbolçularının aparıcı klublarda çıxış etdiklərini də xatırladıb. “Belə komandaya qarşı uğurlu olmaq istəyirsənsə, ən yüksək hazırlıqda olmalısan” deyən Yurçeviç, Millətlər Liqasında keçmiş baş məşqçi Qurban Qurbanovun da “çətinlik çəkdiyini” xatırladıb.

O, Azərbaycan yığmasının düşdüyü qrupdakı komandaların güclü olduğunu vurğulayıb və əllərindən gələni etməyə çalışdıqlarını da qeyd edib.

Nikola sonda deyib:

“Daha yaxşı olacağımıza və belə böyük hesabla uduzmayacağımıza inanıram”.

Ötən il Azərbaycan futbol yığmasının UEFA Millətlər Liqası çərçivəsində üzləşdiyi uğursuzluqdan sonra AFFA baş məşqçi Qurban Qurbanovla yollarını ayırmış və onun yerinə Nikola Yurçeviç gətirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button