“Bu gün Elxan Məmmədovun yanında 400 manata görə hər şeyə göz yumanlar var”

Yevlaxda dünyaya gələn Səid Nağızadə 1995-ci ildən futbol azarkeşidir.

Şəhərin keçmiş “Avtomobilçi” komandasının azarkeşi olan Səid, artıq bir neçə müddətdir ki, azarkeşlikdən uzaq qalıb. Buna səbəb Yevlaxda komandanın olmaması, Azərbaycan Premyer Liqasının Bakı çempionatına çevrilməsidir. Nağızadə, bunlarla bağlı və Azərbaycan Premyer Liqası haqda Komanda.az-a fikirlərini bildirib:

“Avtomobilçi” komandasına baxırdım, azarkeşi idim. Ancaq indi nəyə baxım? Bakı çempionatına? Müharibə vaxtı 2-3 liqa var idi, hərəsində də 24 komanda mübarizə aparırdı. Kürdəmir, Qax, Ağstafa, Salyan, Sabirabadda futbol var idi. Forma tapıb geyinə bilmirdilər, ancaq azarkeş, həvəs var idi. İndi nədir bəs? Elxan Məmmədovun çempionatıdır. Mövsüm başlamamış artıq qalibin kim olacağını, kimin avrokuboklara gedəcəyini bilirsən. Gəncədə, Tovuzda, Mingəçevirdə futbol yox səviyyəsindədir. İndi yalnız Qəbələnin komandası Premyer Liqadadır. Qəbələ heç vaxt futbol rayonu olmayıb. Əvvəl milli komandada Gəncə, Tovuz, Mingəçevir klublarının uşaqları oynayırdı. Vaxt var idi, Mingəçevirdən 24 futbolçu, bir baş məşqçi, bir köməkçi məşqçi var idi Premyer Liqada. İndi bircə Ruslan Əmircanov qalıb, o da bilinmir axırıncı dəfə nə vaxt oynayıb. “Peraşki dövrü”ndə Premyer Liqada olan legionerlərə baxın, bir də indikilərə”.

Səid Nağızadə Azərbaycan futbolunun bu duruma düşməsinin tək günahkarının AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olduğunu düşünür:

“Tək günahkar Elxandır, vəssalam. Mübariz Mənsimov kimi adamın Allah qapısını açsın. Hafiz, Şahmar kimi adamları futboldan küsdürdülər. O vaxt “Xəzər Lənkəran”, “Karvan”, “Bakı”da kimlər yox idi? Görün nə qədər komandamız çempionluğa oynayırdı? Azarkeşlər də hər zaman öz yerində idi. Bu gün Elxan Məmmədovun yanında 400 manata görə hər şeyə göz yumanlar var.

Vaxt var idi “Qarabağ” Ağdamda güllə yağışı altında oynayırdı, ancaq indi Quzanlıya getmirlər ki, “wi-fi” yoxdur.  Çünki əvvəl orda Müşviq, Yaşar, Səttar kimi futbolçular var idi, onlar ağdamlı idilər. Bu gün “Energetik” klubunun futbolçuları pulsuz oynayır, çünki hamısı Mingəçevir uşaqlarıdır. Ancaq Premyer Liqadakı legioner pul olmayan kimi qaçacaq. Özümüzünkülərin qədrini bilməliyik. Mənim Ələkbərim (Ələkbər Məmmədov) “San Siro”da 4 qol vuranda, heç bir legioner bunu bacarmırdı. Heç bunu bu gün də bacaran yoxdur”.

Səid Nağızadə Azərbaycanda futbolçu qıtlığının olması, yerli futbolçuların ölkə xaricinə çıxmamasıyla bağlı da fikirlərini bildirib:

“Əvvəllər “Sevinc kuboku”, “Sünbül kuboku”, “Dəri top” kuboku var idi, hər məhəllədə uşaqların oynaması üçün şərait var idi. Keçmiş futbolçularımızın hamısı da həmin məhəllələrdən çıxırdı. İndi həmin stadionların yerində göydələnlər tikiblər, hansı uşağa da baxırsan, əlində telefon, hamısı da xəstə. 1998-ci ilə qədər doğulan uşaqlara baxaq, elə biri yoxdur ki, başında, ya harasındasa çapıq olmasın. Əvvəl balaca uşaqlar Ukraynaya yarışlara aparılırdı. Orda qalır, oyunlar oynayırdılar. İndi 25 yaşı olan meydana çıxanda ayağı əsir, deyirsən get xaricə, deyir “ailəmdən ayrı qala bilmirəm”. Bəs o vaxt 12-13 yaşlı uşaqlar valideynlərindən necə ayrı qalırdılar?”

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button