“Yekun heyətlə bağlı qərarımı sabah verəcəm”
Futzal üzrə Azərbaycan və Özbəkistan yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini səsləndirib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva 4:3 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
“Bu gün oyuna daha yaxşı köklənmişdik. Çünki dünən keçirdiyimiz ilk matçda çoxlu səhvlərə yol vermişdik. Bunu analiz edib, səhvlərimizdən nəticə çıxarmağa çalışdıq. Təbii ki, oyundan əvvəl söhbətimiz oldu. Oyunumuzla daha yaxşı hazırlaşdığımızı sübut etdik.
Yekun heyətlə bağlı qərarımı sabah verəcəm. Buradakı futzalçılardan 12-si bizimlə Xorvatiyaya yollanacaq. Daha 2 oyunçu Osiek şəhərinə gələcək. Bizi çətin oyunlar gözləyir. Komandanın qarşısına konkret məqsəd qoyulub. Hədəfə doğru irəliləməliyik”.
Özbəkistan milli komandasının baş məşqçisi Bahodir Ahmedov isə bu dəfə komandasının məğlub olmasına belə şərh verib: “Birinci hissədə pis oynadıq, çoxlu səhvlərə yol verdik. Bəlkə də birinci oyundakı inamlı çıxışımızın müəyyən qədər mənfi təsiri var idi. Əvəzində rəqibimiz çox istəkli, aqressiv oyun göstərdi. Fasilədə uşaqlara toparlanmağı, öz oyunumuzu oynamağı tapşırdıq. Bunun bəhrəsini ikinci hissədə gördük. Yaxşı oynadığımızı və ikinci hissədə bizim qələbə qazandığımızı deyə bilərəm. Ümumi götürdükdə, Bakıda keçirdiyimiz oyunlardan razı qaldım. Çünki Azərbaycan millisi kimi güclü rəqiblə qarşılaşdıq. Rəqibimizin heyətində kifayət qədər təcrübəli futzalçılar yer alır”.
Bizi Facebook-da izləyin