Repressiya, işgəncə və əzab dolu gecə

Rəşad Ergün

Yox, zəhmət çəkib kiməsə tarix dərsi vermək, oxucuları “Neftçi”nin ötən əsrin repressiya illərinə kimi gedib çıxan keçmişi haqda fikirlərlə yormaq fikrim yoxdur. Repressiyanı, işgəncəni, əzabı ən yeni və yaxın tarixdə – dünən gecə yaşadıq. Mənə görə, istisnasız və mübahisəyə yer saxlamadan, ölkənin ən yaxşı fanat kütləsi “Neftçi”nindir. “Ağ-qaralar”ın fanatları bizə futbolda azarkeşliklə fanatizm arasındakı qalın çizgini göstərir. Həmin fanatlar dünən gecə öz sevimli komandaları tərəfindən repressiyaya, işgəncəyə məruz qaldılar. Həm də, son illərdə heç olmadıqları qədər inamlı, ümidliykən…

Qəhrəman Ukrayna xalqının fərdi olan Yuri Vernidub “Neftçi”ni dəyişəcəyini, daha güclü, daha güvənilir komanda edəcəyini dəfələrlə deyib. İnsafən, son mövsümün ikinci yarısında Konfrans Liqasına vəsiqə qazanmaqla dilinə görə dilçəyi olduğunu da göstərmişdi. Amma dünən Minsk “Dinamo”sunu 2:0 məğlub etdiyi halda, sonradan 2:4 hesablı məğlubiyyətlə rəqibinə boyun əyən Vernidubun komandası deyildi sanki. Ya da, bizim tanıdığımız, inandığımız Vernidubun komandası deyildi. Samir Abasovun və ya “Neftçi” tarixindəki hansısa başqa luzer məşqçinin komandasına bənzəyirdi dünən gecə gördüyümüz komanda. Vernidubun komandası belə olmamalıdır, belə oynamamalıdır, belə məsuliyyətsiz… Nə isə.

Vernidub “Neftçi” azarkeşlərinin qəlbinə ox kimi saplanan 2:4 hesablı məğlubiyyət haqda danışarkən bir ifadə işlədib. Deyib ki, “sizin də xətalarınız olur və bu o deməkdir ki, işdən çıxarılmalısız?” Bu, yanlış düşüncədir, pan Vernidub. Bizim işdəki xətalarımız minlərlə, yüz minlərlə, hətta bəlkə, milyonlarla insanı məyus, ümidlərini, inamlarını puç etmir, repressiyaya, işgəncəyə məruz qoymur. Bizim xətalarımız milyonlarla manatlıq büdcəyə başa gəlmir.

Hə, “Dinamo” ciddi rəqibdir, müəyyən bir səviyyəsi, gücü var, asan yem deyil. Amma artıq “Neftçi” də güclü olmalıdır. Güclü görünməli yox, güclü olmalıdır! Bu komanda azarkeşlərinin sevgisinə, fanatlarının fədakarlığına, loqosundakı o “1937”-yə dəydiyini göstərməlidir. Vernidub vətənində işğalçılara qarşı savaşda buraxmalı olub gəldiyi silahı bu dəfə yerə qoymamalıdır. “Neftçi” savaşmalıdır, mübarizə aparmalıdır, oynamalıdır və qələbə qazanmalıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button