“Sabah”ın yeni transferi: “Messiylə bir komandada olmaq inanılmaz idi” – Müsahibə

Vaxtilə İspaniyada “Barselona”, “Vilyarreal”, “Jirona”, Rumıniyada “Dinamo” (Buxarest), “Universitatya Krayova”, Polşada “Yagelloniya”, “Medz” kimi klublarda çıxış edən, bu yay transfer pəncərəsi dövründə “Sabah”la müqavilə imzalayan Xuan Kamaranın Komanda.az saytına müsahibəsi:

  • Bir aya yaxındır ki, “Sabah”dasan. Klubla bağlı ilkin təəssüratların nədir və səni burda təəcübbləndirən nə oldu?
  • Təəssüratlarım çox yaxşıdır. Burda oyunçular, məşqçilər, klub əməkdaşları – hamı arasında çox isti münasibət var. Bu da, komanda daxilində müsbət ab-hava formalaşdırır. Fikrimcə, biz doğru yoldayıq.
  • Yeni klubuna uyğunlaşa bilmisənmi?
  • Bəli, demək olar artıq tam uyğunlaşmışam. Mən xaraktercə yeni təcrübələrdən, fərqli ölkələrdə çalışmaqdan qorxmayan insanam. Üstəlik burda məni mükəmməl qarşıladılar. Bu amil də yeni komandama daha yaxşı uyğunlaşmağımda böyük rol oynadı.
  • Necə oldu ki, “Sabah”ı seçdin və bura gəlməzdən əvvəl bu klub, Azərbaycan futbolu haqda nələr bilirdin?
  • Mənə “Sabah”dan təklif gələndə, bu ölkə və klub barədə məlumat əldə etdim. Öyrəndiklərim məndə klub və ölkə barədə müsbət fikir formalaşmasına kifayət etdi. Ümid edirəm, birlikdə çalışaraq, yeni mövsümdə arzuladığımız hədəflərə çata biləcəyik.
  • Bakıya gəlişin zamanı kimdənsə məsləhət almısanmı?
  • Bəli, bir tanışımdan məsləhət aldım. O mənə bura barədə müsbət şeylər dedi.
  • “Sabah”la Gürcüstan toplanışında iştirak etdin. Komandanın hazırlığını necə dəyərləndirirsən?
  • Bu toplanış özümüzü fiziki cəhətdən qaydaya salmaq və birlikdə daha çox vaxt keçirməyimiz baxımından çox yaxşı oldu. Fikrimcə, Tbilisi hazırlığının komandaya çox faydası dəydi. İnanıram ki, çempionatda bu toplanışın müsbət təsirini görəcəyik.
  • Hücumda və yarımmüdafiədə müxtəlif mövqelərdə oynamağı bacarırsan. Bəs sənə görə ən rahat, daha çox fayda verə biləcəyin mövqe hansıdır və bununla bağlı baş məşqçiylə danışmısanmı?
  • Tam səmimi deyirəm, mənim üçün meydanda ən rahat yer, məşqçinin məni uyğun bildiyi mövqedir. Məşqçimiz mənə harda şans versə, həmin mövqedə komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm.
  • “Qarabağ”da həmyerlin, ispaniyalı Xayme Romero çıxış edir. Onunla tanışlığın varmı və ya indi əlaqə qurmusanmı?
  • Onu bir oyunçu kimi tanıyıram. Lakin heç bir şəxsi tanışlığım yoxdur. Ancaq Bakıda onunla mütləq görüşəcəm.
  • Hədəfin nədir?
  • Hədəfim komandama maksimum faydalı və uğurlarında əsas pay sahibi olmaqdır. Ən əsası, bu mövsümün bizim üçün möhtəşəm keçməsini arzulayıram.
  • “Barselona” kimi bir klubda çıxış edib, daha sonra Polşa, Rumıniya, Azərbaycana gəlməyi karyeranın düşüşü hesab edirsənmi? Və belə geriləməyə səbəb nədir?
  • Bəli, yaxşı liqalarda, yaxşı klublarda oynamışam. Bura gəldim, çünki Azərbaycan Premyer Liqasının da maraqlı olduğunu düşünürəm. Bura barədə mənə müsbət şeylər danışıblar.
  • Bundan sonra nə vaxtsa yenidən İspaniyaya, “Barselona”ya qayıdacağına ümidin var?
  • Bilmirəm. Düzü, bu barədə düşünmürəm də. Mən indiki zamanla yaşayıram. İndi isə Azərbaycanda yaşamaqdan, burda oynamaqdan xoşbəxtəm. Düzdür, nə vaxtsa yenidən İspaniyaya qayıtmaq, orda çıxış etmək istəyərəm. Lakin hələ ki, İspaniyadan kənarda müsbət təcrübələr yaşayıram.
  • Lionel Messi, Luis Suares və başqa ulduz futbolçularla birgə çıxış etmək sənin üçün necə hissdir?
  • Uşaqlıqdan bəri hər birimizin oynamağı arzuladığımız, inanılmaz oyunçularla birlikdə çıxış edə bildiyim üçün özümü xoşbəxt sayıram. Messiylə bir komandada olmaq inanılmaz idi. Dünyanın ən yaxşı klublarından birinin heyətində dəfələrlə oynamaqdan və məşq etməkdən zövq aldım. “Vilyarreal”da çıxış edərkən də eyni zövqü yaşayırdım. Əlbəttə, bütün bunları yaşadığıma görə çox xoşbəxtəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button