“Utanıram” – Regekampf

“Neftçi”nin baş məşçqisi Laurentsiu Regekampf Premyer Liqanın 16-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyun (0:4) barədə danışıb.

Komanda.az xəbər verir ki, rumıniyalı baş məşqçi oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Danışılası o qədər də çox şey yoxdur. Oyundan öncə hazırladığımız heç nəyi edə bilmədik. Öncəliklə belə oyunlarda ürəklə oynamaq, qaçmaq lazımdır. Nəticəyə görə üzülürəm, utanıram. Xüsusilə də, azarkeşlər qarşısında. Tezliklə özümüzə qayıtmalıyıq.

Məğlubiyyət çox şey haqda düşünməyə vadar etdi. Oyuna yenidən baxacağam. Sabah məşqimiz olacaq. Hamı üzgündür. Biz oyundan qabaq da danışmışdıq ki, matç boyu “Qarabağ”la mübarizə aparmalıyıq.

Oyunçularım haqda danışmayacağam. Siz bizim heyətə də nəzər yetirməlisiniz. Oyunçulara şans verməyə çalışırıq. Azər Salahlı çətin perioddan qayıdıb. Əsas olan onu addım-addım əvvəlki halına qaytarmaqdır. Oyunçu yaxşı formada deyilsə, komanda ona kömək olmalıdır. Çox çətindir hazırda. Çünki yerli oyunçuların çoxu hazır deyildi.

Mən bütün oyunçularımı müdafiə edəcəyəm. Onlara qarşı danışmayacağam. Düzgün çıxmır. Oyunu analiz etmək sizin (jurnalistlərin) hüququdur. Futbolçularımla tez-tez danışıram. Daxildə çatışmayan vəziyyətlər haqda da müzakirələr aparırıq. Qışda nələr edəcəyimizdən danışırıq. Xahiş edirəm, bizə bir az daha da vaxt verin.

Mən sizinlə komandanın ümumi imici haqda danışa bilərəm. Mənə vacib olan komandadır. Doğrudur, 0:2-dən sonra oynaya bilmədik. Oyuna ürəyimizi qoymalıyıq. Təcrübəli oyunçularımız var. Növbəti günlərdə oyunçularımla danışacağam. Başa düşün ki, oyunlarımız çoxdur. “Zirə” ilə kubok oyunumuz var. Sabahdan etibarən yenidən çalışmalıyıq.

Azarkeşlərin narazılığı normaldır. Təhqirlərlə razı deyiləm. Bu gün oynadığımız oyunla deyilənlərə layiq idik.

Əminəm ki, oyunçularımın hamısı daxildən əziyyət çəkir. Hər birimiz güzgüdə özümüzə baxıb analiz etməliyik: nə etmişik, nə etməliyik. “Zirə”yə qarşı tamamilə başqa komanda görəcəksiniz.

0:1 hesabı ilə də məğlub olsaydıq, bizə pis təsir edəcəkdi. Xüsusən də, “Qarabağ”a qarşı oyunda daha çox təsirlənirik. Ona görə də deyirəm ki, soyuq duş aldıq. Günün sonuna nəzər yetirsək, biz uduzmuşuq. İndi ağlamamalıyıq. Kişi kimi davranmalıyıq ki, hazırlaşa bilək. Yeganə yolu budur. Oyunçularım peşəkardılar”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button