Unutmaq üçün içən Vadim Vasilyevlə MÜSAHİBƏ

Vadim Vasilyev oynadığı dövr üçün öz mövqeyində  Azərbaycanın ən güclü hücumçularından biri olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etsə də, burda yaddaqalan bir fəaliyyəti nəzərə çarpmır. Bəlkə də, ona görə ki, işlədiyi sahə diqqəti o qədər çəkməyən qadın və uşaq futbolu olub. Zamanında, oyunu ilə bərabər xarici görünüşü ilə də fərqli görünməyə çalışan keçmiş futbolçu ilə söhbətləşmək istəyərkən düşünürdük ki, onunla müsahibə də fərqli olacaq. Fərqli oldu. Amma bu fərqlilik bilmirəm işimizə yaradı, ya yox. Bu barədə yazının sonunda qeydim olacaq. Azərbaycan milli komandasında, “Neftçi”də, “Qarabağ”da, “Bakı”da forma geyinmiş Vadim Vasilyevlə söhbətdə həyatından və karyerasından bəzi epizodlara, eyni zamanda, müəyyən hadisələrə münasibətini öyrənməyə çalışdıq.

“Quşbaz olmuşam, dərzi olmuşam, qaynaqçı olmuşam…”

– Karyeranız boyunca müxtəlif klublarda çıxış etmisiz. Onların içində sizə ən doğması hansıdır?

– “Neftçi”.

– Niyə?

– Mən həmişə ora düşmək istəmişəm. Düzünə qalsa, heç futbol oynamaq da istəmirdim. Quşbaz olmuşam, dərzi olmuşam, qaynaqçı olmuşam… Futbol oynamağımın əsas səbəbi “Neftçi”yə düşmək olub. Niyə “Neftçi”? Atam, hamısı “Neftçi” deyirdi. Bu komanda bir marka idi. “Neftçi”yə düşmək çox çətin idi. Əhməd Ələsgərov məni görəndən sonra dedi ki, o niyə “Neftçi”də deyil? Bilirsiz, “ANS Pivani”də oynayırdım, “Neftçi”yə keçmək xatirinə xeyli puldan imtina etdim. Qazancım da əvvəlki klubum “ANS Pivani”də daha çox idi.

– Bəs ilk klubunuz “Xəzri” və ən çox oyun keçirib, ən çox qol vurduğunuz “Bakı Fəhləsi” (“ANS Pivani”) sizə nə qədər əzizdir, yaxındır?

– İnanırsız, indiyənə kimi “Bakı Fəhləsi”nin prezidenti İlham müəllimlə danışıram. Dünən də danışmışam. O mənim xətrimi çox istəyir. “Xəzri”dən dava edə-edə öz komandasına gətirdi. “Xəzri”də altı ay idi ki, pul ala bilmirdim, amma İlham müəllim gələn kimi, dərhal pul verdi. Düzdür, deyirlər ki, həmişə pula görə qaçırsız. Amma nə edək, pul lazımdır.

– Bu iki komandadan hansı sizə doğmadır?

– “Xəzri” həmişə mənim üçün doğma komanda olub. Amma “Neftçi” elə “Neftçi”dir.

– Bəs “Bakı Fəhləsi?”

– “Bakı Fəhləsi” – pul qazanmaq üçün.

– İlham müəllimin acığına gələr…

– Olsun. İlham müəllim onsuz da bilir. O mənə pul verirdi. “Xəzri”nin prezidenti Malik müəllim məni sonradan çağırdı. “Bakı Fəhləsi”ndə aldığımdan qat-qat çox pul təklif etdi.

– Bəs niyə getmədiz?

– Getdim. Avrokuboklarda iki oyun oynadıq. Polşanın “Qutnik” komandasına qarşı. Səfərdə böyük hesabla uduzduq, evdə 2:2 oynadıq.

– Bu gün “Bakı Fəhləsi” də yoxdur, “Xəzri” də. Sizə necə təsir edir?

– Pis. Təkcə onların olmaması deyil, bir çox komandanın dağılması mənə pis təsir edir. Çox komanda yoxdur. Amma mən istəyərdim ki, o komandalar olsun. İnanırsız, mən istəyərdim ki, Premyer Liqada 20 dənə komanda olsun.

“Mən onları qapıçı saymamışam, onlara hər yerdən qol vurmuşam”

– Karyeranızın ən maraqlı oyunu hansıdır?

– Yığmada Portuqaliya və Slovakiyaya, “Neftçi”də “Srvena Zvezda”ya qarşı oyunlar.

– “Neftçi”də oynayanda “Srvena Zvezda”ya qarşı keçirdiyiniz oyun barədə bir qədər danışaq.

– Həmin oyunda prezident də, tamaşaçılar da bizi ayaq üstündə alqışladılar.

– Oyunun statistikasına baxsaq, görürük ki, Vadim Vasilyevin 27-ci və 65-ci dəqiqələrdə vurduğu qollarla hesab 2:0 olur. Amma bundan sonra rəqib 68, 69, 70-ci dəqiqələrdə, üç dəqiqəyə üç qol vurub hesabı 3:2 edir. Nə baş verirdi?

– (dərin bir ah çəkir) O oyunda bizim bir müdafiəçinin baş barmağı sınmışdı – Poşexontsevin. Zədəli-zədəli oynayırdı.

– Mən qollara baxmışam. Onların vurduğu birinci qolda məsafə təxminən 30 metr olar.

– “Caqa” (Cahangir Həsənzadə) orda topu “provojat” elədi. Top da gəldi girdi qapıya.

– Baxanda elə təsəvvür yaranır ki, Həsənzadə topun qapıdan yan keçəcəyini düşünüb, toxunmur.

– Bizim Azərbaycanda qapıçılardan təkcə Elxan Həsənovu bəyənirəm. O biri qapıçılar qapıçı deyil. Bir də “Qusik” (Hüseyn Məhəmmədov) bir az “həyasız”dır. Onlara can qurban, Elxana, “Qusik”ə. Qalanları… Mən onları qapıçı saymamışam, onlara hər yerdən qol vurmuşam. Top düşürdü, vururdum, gedib girirdi.

– Elə oyunlar olub ki, Cahangir Həsənzadə komandanı xilas edib. Məsələn, Azərbaycan – Slovakiya oyununda.

– Razıyam. O oyunda “Caqa” üç dəfə bizi real qoldan xilas etdi.

“Ağlamağım pula görə idi”

– Statistikadan görünür ki, 2003-04 mövsümündə “Neftçi”də çıxış edərkən 19 oyunda 17 qol vurmusuz. Demək olar ki, yüz faizli göstəricidir. Az qala hər oyuna bir qol. Burda iki təəccüblü məqam var, biri budur ki, oyun sayı azdır.

– Mən həmin vaxt bir müddət burda olmamışam. Almaniyada baxışda olmuşam, Kotbusun “Enerji” klubunda. Orda məşqlərə çıxmışam, sonra zədə almışam, əməliyyat olunmuşam. Daha sonra “Tavriya”da oynadım. Bu klubun baş məşqçisi Anatoli Zayayev Kazbek Tuayevlə dost idi. Kazbek Əliyeviç ona dedi ki, Vadimi qaytar. Zayayev də qaytardı.

– İkinci maraqlı məqam odur ki, bu cür yüksək səviyyəli çıxışdan sonra növbəti mövsümdə “Qarabağ”a keçmisiz. Niyə?

– Bu sualı mənə verməyin.

– Niyə?

– Mənə bir qədər çətin gəlir, cavab vermək. “Neftçi” TV-də də bu sualı mənə vermişdilər, onlara da dedim ki, bu sualı mənə verməyin.

– Bəlkə, “Qarabağ” yaxşı pul təklif edib?

– Yox, “Neftçi” də normal pul verirdi.

– 19 oyunda 17 qol vuran oyunçunu hansısa ciddi səbəb olmadan göndərmək peşəkar addım sayıla bilməz.

– Qısaca deyim ki, həmin çempionatın sonuna yaxın komandadaxili atmosfer xoşagələn deyildi. Komandada bir qrup futbolçu var idi ki,  onlardan özümə qarşı yaxşı olmayan münasibət görürdüm. Bu səbəbdən, getmək qərarını verdim.

– Deyirsiz ki, sizə qarşı münasibət pisə doğru dəyişmişdi. Bəs 19 oyunda 17 qolu necə vurmusuz? Bunun üçün sizə ötürmə verən olub. Pis münasibət var idisə, bu qolların ötürmələrini kim verib?

– Həmin qrupa daxil olan futbolçular verməyib.

– “Neftçi” niyə belə rahat buraxdı sizi əldən?

– Özüm getdim. Bəzi məqamlarda, bəzi münasibətləri bəzi futbolçulardan ki görürdüm, bunu özümə hörmətsizlik qəbul edirdim. Həmin vaxt İqor Ponomaryov da “Qarabağ”da yaxşı kollektiv yığmışdı. Bu da getməyimə təkan verdi.

– Pul səbəb deyil?

– Yox. Pul mənim üçün heç vaxt səbəb olmayıb. Yalnız bir dəfədən başqa. Onda yanıb tökülmüşəm. Kotbusun “Enerji” klubu ilə müqaviləyə yaxın idim. Bir milyon avro pul almalıydım, daha dəqiqi 999 min. 99 minini agent götürəcəkdi. 900 min mən almalıydım. İnanırsız, səhər çıxdım məşqə, ayağım qırıldı. Bilirsiz necə ağlayırdım?

– Pula görə, yoxsa zədəyə görə?

– Zədə onsuz da sağalacaqdı, həkimlər dərhal götürüb apardılar. Ağlamağım pula görə idi.

– “Neftçi”dən “Qarabağ”a keçəndə, Ağdam klubunun təklif etdiyi pul çox idi?

– Eyni məbləğ idi.

– Nə qədər?

– Mövsümə 60 min.

– Həmin vaxt iki-üç yüz minlik müqavilələrdən danışılır.

– Mənim  belə müqavilələrim olmayıb.

– O vaxt belə söz-söhbətlər gəzirdi ki, futbolçular məşqçilərə “torba tikir”. Belə “oyunlar”da iştirak etməmisiz?

– Mən heç vaxt belə oyunlara getməmişəm.

“Qol vurmamışam axı, qurban sənə”

– Yığma komandada 35 oyuna iki qol…

– Qol azdır, çox azdır. Oyun sayı çoxdur.

– Həmişə hücumçu olmusuz millidə?

– Yox, yarımmüdafiəçi də olmuşam.

– Həmişə?

– Əksər hallarda.

– Millidə az qol vurma səbəblərindən biri kimi yarımmüdafiədə oynamağınızı sayaq, bəs daha hansı səbəblər olub?

– Əslində mən bunu səbəb də hesab etmirəm. Mən həmişə qol vurmaq istəmişəm.

– Bəs onda niyə az vurmusuz?

– (düşünür) Rəqiblərimizin müdafiəsi çox güclü olub. Başqa səbəb deyə bilmərəm.

– Bəlkə, komanda yoldaşlarınız ötürmə vermirdilər?

– Yox. Həm, yığma komandada bütün məşqçilər yaxşı məşqçilər olub, yəni belə məsələlərə imkan verməzdilər, həm də, komanda yoldaşlarım – yarımmüdafiəçilər, hücumçular – hamısı normal uşaqlar olub. Belə görünür ki, sadəcə mən zəif olmuşam.

– Zəif oyunçu yığmaya çağırılmaz axı.

– Qol vurmamışam axı, qurban sənə. İstəyərdim ki, Portuqaliyaya vurum, İtaliyaya vurum.

– Siz o fikirdəsiz ki, hücumçunun işi ancaq qol vurmaq olmalıdır?

– Bəli.

– Ola bilməzmi ki, özü topsuz oynasın, komanda yoldaşlarına şərait yaratsın?

– Hücumçu qol vurmalıdır.

– Məncə, düzgün yanaşma “hücumçu qol vurmalıdır” yox, “komanda qalib gəlməlidir” şəklində olmalıdır.

– Hücumçu qol vurmasa, komanda qalib gəlmir.

– Mübahisəli fikirdir. Nə isə. Maraqlıdır ki, yığma komandada vurduğunuz qolların hər ikisi Slovakiyanın qapısınadır.

– Biri dəqiq yadıma gəlir. Həmişə millidə “10 nömrə” geyinirdim. Bakıdakı oyundan əvvəl Qurban Qurbanov dedi: “10 nömrə”ni mən götürəcəm”. Dedim götür. Mən “11”-i götürdüm. Sonra çıxıb “11 nömrə” ilə də qol vurdum. 

“Elə sizi gözlədiyim 10-15 dəqiqə ərzində beş nəfər gəldi, görüşdü, hal-əhval tutdu”

– Karyerasını bitirəndən sonra futbolçular birdən-birə yaddan çıxır, boşluğa düşür. Diqqət mərkəzindəsən və bir anda hər kəs unudur. Bu mərhələni necə keçdiz?

– Çox çətin. Baxmayaraq ki, futbolçu karyeramı bitirəndən sonra da məhəlləyə çıxanda hamı hal-əhval tutub, yolda, şəhərdə tanıyıb salamlaşanlar çox olub. Elə sizi gözlədiyim 10-15 dəqiqə ərzində beş nəfər gəldi, görüşdü, hal-əhval tutdu. Amma yenə də, ağır keçdi həmin dövr. Mənim özümə futbolu yaddan çıxarmaq çətin məsələdir. İndinin özündə də çətindir mənə.

– Biz bilirik ki, futbolçu karyeranızdan sonra məşqçi kimi də işləmisiz. Amma internetdə sizə aid məlumatlarda bu yoxdur. Harda işləmisiz?

– Bir müddət AFFA-nın təşkil etdiyi “Elit məşq” layihəsində işləmişəm. Sonra qadın futbolunda – “Fidan” komandasında işləmişəm. Bu komanda ilə Azərbaycan çempionatında ikinci yeri tutmuşuq. Sonra adını çəkmək istəmədiyim bir komandanı məşq etdirmişəm. Qeyri-rəsmi. Baş məşqçi dostum idi, ona görə.

“Futbolda nəticəyə baxılır və Azərbaycan İsveçrə ilə oyunu 1:0 udub”

– Futbolçu olarkən işlədiyiniz məşqçilər arasında ən bəyəndiyiniz məşqçi kimdir?

– Kazbek Tuayev, Əhməd Ələsgərov.

– Məncə, oynatdıqları oyun fəqlidir, Əhməd Ələsgərov baxımlı futbol oynadırdı.

– Tuayev də hücum futbolu oynadırdı.

– Ələsgərov Portuqaliyanı az qala udacaqdı.

– Tuayev də İsveçrəni udub.

– Azərbaycan – İsveçrə və Azərbaycan – Portuqaliya oyunlarını müqayisə etsək, oyun tərzləri ayrı-ayrıdır. Portuqaliya ilə oyunda Azərbaycan millisi futbol oynayırdı. Vyaçeslav Lıçkinin topu dirəkdən qayıtdı. Portuqaliya cavab qolunu artırılan dəqiqələrdə vurdu. İsveçrə ilə oyunda isə 90 dəqiqə müdafiə olunmuşuq.

– Futbolda nəticəyə baxılır və Azərbaycan İsveçrə ilə oyunu 1:0 udub. Portuqaliya ilə isə 1:1 oynayıb. Bilirsiz, mənim üçün bu məşqçilərin hər ikisi əzizdir. Hələ üstəlik Nadir Qasımovu da bura əlavə etməliyəm.

– Bəs birini seçməli olsaz?

– Seçə bilmirəm.

– Baş məşqçi qətiyyətli olmalıdır.  Lazım gələndə ulduz futbolçunu da ehtiyatda oturda bilməlidir. İndi siz qətiyyət göstərib bu insanlardan birini seçə bilmirsiz. Bəs baş məşqçi işləyəndə necə qətiyyətli olacaqsız?

– O başqa, bu başqa. Bu üç şəxsin hər birinin mənə münasibəti yaxşı olub.  Necə ayıra bilərəm?

“Utanıram Kazbek Tuayevə deməyə ki, Ukraynaya göndərsin məni”

– Sizdə hansı lisenziyadır?

– “A”.

– Niyə PRO almırsız?

– Pul lazımdır. Utanıram Kazbek Tuayevə deməyə ki, Ukraynaya göndərsin məni.

– Ukraynaya niyə? Azərbaycanda almaq mümkündür. Məncə, bizdə PRO alanlar daha keyfiyyətli məşçilərdir.

– …

“Samir Abasov “Neftçi”ni çempion etdi, mən edə bilmərəm?”

– Futbolçu kimi potensialınızı tam aça bilmisiz?

– Yox. Daha çoxunu edə bilərdim.

– Belə bir təhlükə varmı ki, məşqçi potensialınızı da aça bilməyəsiz?

– Niyə?

– Klub prezidenti müqavilə təklif etmək istəsə və sizi içkili vəziyyətdə görsə, nə qədər güclü məşqçi olsaz da, o, müqavilə bağlamayacaq, üzünü çevirib gedəcək.

– Siz elə düşünürsüz ki, sabah mən özümü qaydaya salsam və normal görünüşdə gəlsəm, mənə iş verəcəklər?

– Özünüzü qaydaya salsaz və içkini atsaz, iş tapmaq ehtimalı çoxalar. Ən azı, əllinin əlliyə ola bilər. Amma içkili vəziyyətdə olsaz, bu ehtimal çox aşağı düşər və kimsə sizə iş verməz.

– Mən öz işimi, bacarığımı belə də göstərə bilərəm.

– Mən buna inanıram. Lakin bu kifayət deyil. Təqdimatınız da olmalıdır. Bu vəziyyətdə isə sizin potensialınızı aça bilməmə təhlükəniz var.

– Niyə? Baxın, Samir Abasov “Neftçi”ni çempion etdi, mən edə bilmərəm?

– Abasov daim öz üzərində işləyən məşqçidir. İçmir, xarici görünüşündən də aydındır ki, sağlamlığına fikir verir. Hiss olunur ki, öz sahəsi üzrə daim öyrənir. Ola bilər ki, sizin potensialınız daha çoxdur. Amma fakt faktlığında qalır. Görülən iş ortadadır. Adam gəldiyi il klubu çempion edib. Siz isə uşaq futbolundasız.

– Mən sizə deyirəm ki, mümkündür. Elə bu cür də işləyə bilərəm və nəticə verə bilərəm.

– Necə? Siz düşünürsüz ki, belə də dəvət edəcəklər?

– Mən Kazbek Tuayevin yanında işləyirəm, onu atmaq istəmirəm. “Neftçi”nin 15 yaşlılarına çağırıblar, getməmişəm.

– Hansında daha çox pul verirdilər?

– Puldan söhbət getmir. Tuayev mənim üçün çox şey edib.

– “Neftçi”də perspektiv var axı.

– Var. Nə olsun?

– Ömrünüzün sonuna kimi uşaq futbolunda işləyəcəksiz?

– Nə qədər ki, Kazbek sağdır, mən onun yanında olacam.

“Düşünürəm ki, Rusiya son müharibədə bizə kömək edib”

– Siz hücumçu olmusuz. Hücumçuda hansı keyfiyyətlər olmalıdır? Yer seçimi, sürət, zərbənin gücü, aldatma qabiliyyəti?

– Hücumçu üçün ən vacibi mövqe seçimidir.

– Bunu məşqlərlə əldə etmək mümkündür?

– Yəqin ki, bu, hücumçunun fitrətindədir. Ya olur, ya da yox.

– Bəs yuxarıda sadaladığım digər göstəricilər də olmalıdır?

– Bunlar texnikadır. Onları sonradan əldə etmək mümkündür. Ən vacibi yer seçimidir.

– İstərdinizmi oğlunuz futbol oynasın?

– Oğlum futbol oynayıb – “İnter”də. Timur. İndi oynamır.

– Azərbaycan vətəndaşısız, amma milliyyətcə russunuz.

– İnanırsız ki, mən özümü azərbaycanlı sayıram. Ukraynaya, Rusiyaya, Bolqarıstana, Slovakiyaya getmək imkanım olub, getməmişəm.

– Rusiyanın Azərbaycana qarşı siyasəti bizdə tənqid olunur. Çoxu bəyənmir.

– Düşünürəm ki, Rusiya son müharibədə bizə kömək edib. Əvvəllər bəlkə də, düşmənlərimizə kömək edirdi. Ancaq indi eləmir.

“Görürsən, bunu onun dişi göyərdib”

– Futbolçu olarkən boş vaxtlarınızı necə keçirirdiz?

– Oy. Yaxşı olar ki, soruşmayasız.

– Kazino? Qızlar?

– Yox. Gecə klubları.

– Həmişə?

– Çox vaxt.

– Bəs kitab oxumaq?

– Oxumuşam, dedektiv janrda.

– Hobbiniz nədir? İçki?

– Yox. Əvvəllər quş saxlayırdım, indi bununla məşğul olmuram.

– İçkinin hansı faydası var?

– Heç bir faydası yoxdur.

– Bəs onda niyə içirsiz?

– Unutmaq üçün.

– Nəyi unutmaq istəyirsiz?

– Hər şeyi.

– Kömək edir?

– Bilmirəm, kömək edir, ya yox… İçirsən, yaddan çıxarırsan, bir dənə də kinoya baxırsan, vəssalam.

– İnanclı insansız?

– Hə. Xristianam. İndi kilsəyə buraxmırlar, əvvəllər tez-tez gedib dua edirdim.

– Kilsədən çıxanda yüngüllük, rahatlıq hiss edirsiz?

– Hə.

– İsa Məsih deyir ki, bir üzünə vuranda o biri üzünü də çevir. Razısız bu fikirlə?

– Bəli. İnsan yıxılanda onu qaldırmaq lazımdır. Mən hətta üçüncü dəfə də üzümü çevirirəm. Srağagün məni iki dəfə vurdular, dedim ki, uşaqlar, məni yaxşı tanımırsız. Bu üzümə vurdular, o biri üzümə vurdular. Amma sonradan… Görürsən (sol yumruğundakı göyərən yeri göstərir), bunu onun dişi göyərdib. Üç nəfər idilər, ikisini vurdum, üçüncü qaçdı.

– Belə çıxır ki, İsanın sözünə əməl edib, üzünüzü vurulmaq üçün çevirməmisiz.

– Niyə ki, əvvəl o vurdu, mən gözlədim… Üç dəfə üzümü çevirdim, amma başa düşmədilər. Gördüm ki, əl çəkmirlər, sonra vurdum.

– Bizdə əsasən İslam dininin daşıyıcıları üstünlük təşkil edir və İsanın dediyi kimi, ikinci üzü çevirmək yoxdur. Biri səni vurursa, cavabını verməlisən. Yəni siz bizim cəmiyyətdə başa düşülməyə bilərsiz, ikinci üzü çevirməklə.

– …

“Çoxlu uşağın olsun, nə qədər çox olsa, bir o qədər yaxşıdır”

– Həyatın mənası nədədir?

– Çoxlu uşağın olsun, nə qədər çox olsa, bir o qədər yaxşıdır.

– Neçə uşağınız var?

– Dörd.

– Özünüzü xoşbəxt adam hesab edirsiz?

– Yox!

– Niyə?

– Ona görə ki, sevilmirəm.

– Buna görə günahkar kimdir?

– Mən.

Vadim Vasilyevlə müsahibə heç də rahat vəziyyətdə və rahat şəraitdə alınmayıb. Təkcə bir faktı deyim ki, bir gündə iki dəfə Buzovnaya gedib qayıtmalı oldum.Vadimə çoxlu suallarım var idi. Bu sualların cavabları müsahibədən əlavə, şəxsən mənim üçün də çox vacib idi və düşünürdüm ki, bu cavabları fərqli din, fərqli mədəniyyətdən olan Vadim Vasilyevdən ala biləcəm. Amma bu, tam şəkildə mümkün olmadı. Niyə? Detallara varmadan qısaca onu deyim ki, öz dövrünə görə tanınmış bir futbolçunu həmin vəziyyətdə görmək xoş deyildi. Yəqin ki, qarşısını ala bilməsə, onu heç də xoş olmayan gələcək gözləyir. Anatoli Banişevski kimi futbolçuya rəhm etməyən, güzəştə getməyən həyat yəqin ki, ona da güzəştə getməyəcək, təkrar edirəm, qarşısını almasa…

Söhbətləşdi: Vüqar Məmmədov