“Ümumiyyətlə, biz cəza gözləmirdik” – “Neftçi” rəsmisi

“Neftçi” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk matçında “Turan Tovuz”la qarşılaşıb. Həmin matçda “ağ-qaralar” minimal hesabla məğlub olub – 0:1.

Fasilə zamanı paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə ölkə kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib. Sınaq müddəti isə 6 ay təyin edilib.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Komanda.az-a açıqlamasında apellyasiyaya müraciət edəcəklərini bildirib:

“Ümumiyyətlə, biz cəza gözləmirdik. Orada proseslər oyundan sonra baş verməmişdi. İlk hissənin sonunda tuneldə hakimlərə irad bildirildi ki, “oyunun açarı” itirilib, rəqib komandanın müdafiəçiləri çox sərt oynayırlar. Buna baxmayaraq, heç bir cəza tətbiq olunmur. Orada hansısa təhqir, əl hərəkəti, hakimi vurmağa cəhd göstərmək olmayıb.

Baş verənlər protokola qeyd olunub və bunun əsasında AFFA İntizam Komitəsi qərar verib. Bununla bağlı etirazımız olacaq. Apellyasiyaya müraciət etməyi planlaşdırırıq və edəcəyik də”.

Allahverdiyev, futbol hakimlərinin toxunulmaz şəxslər olmadığını xüsusilə vurğulayıb:

“Medianın bu məsələdə mövqe qoymağını istəyərdik. Hakim çıxıb ürəyindən keçəni edəcək, nəticədə, kimsə bədbəxt olacaq, hansısa komandanın qərarları ilə hansısa komandanın nəticəsinə təsir göstəriləcək.

Həmin oyunda olanlara görə 1, uzağı 2 oyunluq cəza verilə bilər. Amma kimsə onlara irad bildirəndə bunu özlərində qeyd edirlər və həmin şəxsi cəzalandırırlar. Onlar öz hərəkətlərinə görə cəza almırlar.

Hakimlər toxunulmaz şəxslər deyil. Burada söhbət futbol hakimlərindən gedir. Onlara fikrimizi bildirə, etirazımızı edə bilərik. Səsləndirilən fikri aydınlaşdırmadan protokola yazmaq, həqiqətən də, qeyri-ciddi qərardır”.

Xatırladaq ki, “Neftçi” – “Turan Tovuz” cütünün cavab qarşılaşması aprelin 26-da Bakıda keçiriləcək.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button