Azərbaycanlı məktəbli 11 ölkə arasında 1-ci oldu

UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində AVRO-2020-yə ev sahibliyi edən 11 ölkədə uşaqlar arasında futbolun kütləviliyinin artırılması, uşaqlar arasında yeni oyun formatı yaratmaq və digər məqsədlərlə həmin şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) üçün 3 may – 4 iyun tarixlərində “Build Bridges” layihəsi təşkil olunub. İştirakçılar platformada qeyd olunan yarışlara qatılaraq, öncədən müəyyən olunmuş kriteriyalarda (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) hərəkətləri təkrarlayaraq, qısa video çəkib həmin platformaya yükləyiblər.

Komanda.az xəbər verir ki, UEFA nümayəndələri Ludolf Frank, Qriv Stüart Uilliam, Marquard Ulf-Rauno və Ceyms Eşlinin iştirakı ilə 11 ölkənin Futbol dərsi layihəsinin koordinatorları ilə onlayn olaraq yekun toplantı keçirilib və qalib gələn ölkənin adı açıqlanıb.

11 ölkə arasında qalib olan şagird isə Futbol dərsi layihəsində iştirak edən 189-190 saylı orta məktəbdə təhsil alan Hüseynov Fərhad Rəşad (17.01.2008) oğludur. UEFA tərəfindən qalib gələn məktəb və iştirakçıya hədiyyələr göndəriləcək. Ümumilikdə isə layihədə iştirak edən bütün məktəblərə Ludolf Frank tərəfindən imzalanmış diplom göndərilib.

Bu gün AFFA-nın inzibati binasında Texniki direktor Cahangir Həsənzadə ilə Kütləvi Futbol Departamentinin rəisi Fərrux İsmayılov layihənin qalibi Fərhad Hüseynov və məşqçisi Namiq Cəfərovla görüşüb onlara AFFA-nın hədiyyələrini təqdim ediblər. Həmçinin hər iki şəxsə AÇ-2020-nin iyunun 3-də Bakı Olimpiya Stadionun keçiriləcək 1/4 final mərhələsinin oyununa dəvətnamə veriləcək.