UEFA-dan Türkiyəyə böyük etimad!

UEFA, Avropa Liqası, Konfrans Liqası və Çempionlar Liqasında (ÇL) qarşıdakı mövsümlərin final oyunlarına ev sahibliyi edəcək şəhərlərin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, 2023-cü ildə UEFA Çempionlar Liqasının final görüşü Türkiyənin İstanbul şəhərində təşkil olunacaq.

Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, 2020 və 2021-ci illərdə ÇL-in final oyunlarına ev sahibliyi etməli olan İstanbul koronavirus pandemiyası səbəbindən bu hüququndan yararlana bilməmişdi. Əvəzində hər iki final görüşü Portuqaliyada təşkil olunmuşdu. Məhz bu üzdən 2023-cü ildəki ÇL finalını İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək. Bu, həm də Türkiyə Cümhuriyyətinin və Türkiyə Futbol Federasiyasının yaradılmasının 100-cü ildönümünə bir töhfə olacaq.

UEFA 2021/22 və 2022/23 mövsümlərində Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının qrup mərhələsinin püşkatma mərasimlərinin İstanbulda təşkil olunacağını bəyan edib.

UEFA öncədən 2023-cü ildə ÇL-in final matçının Almaniyanın Münhen şəhərində təşkil olunmasına qərar vermişdi. Lakin bu final İstanbula verildiyi üçün, Münhendə 2025-ci ildəki həlledici qarşılaşmanın keçirilməsinə qərar verilib. 2024-cü ilin ÇL finalı isə öncədən nəzərdə tutulduğu kimi, İngiltərənin London şəhərində təşkil olunacaq. Elə 2022-ci ilin ÇL finalı da əvvəldən nəzərdə tutulduğu kimi, Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq.

UEFA İcraiyyə Komitəsi digər avrokubok yarışlarının final görüşlərinin də məkanını açıqlayıb. Son qərara əsasən, 2024-cü ilin Avroliqa finalı İrlandiyanın Dublin şəhərində keçiriləcək. Həmin il İspaniyanın Bilbao şəhərində də qadınlar arasında Çempionlar Liqasının final görüşü təşkil olunacaq. Bilbao həmçinin 2025-ci ilin Avroliqa finalına ev sahibliyi edəcək. UEFA-nın bu şəhərləri seçməsi də təsadüfi deyil. Məsələ burasındadır ki, Dublin və Bilbao AÇ-2020-nin bir neçə oyununa ev sahibliyi etməli idi. Lakin koronavirus pandemiyasının yaratdığı çətinliklər səbəbindən bu şəhərlər həmin oyunları təşkil edə bilməmişdi.