Türkiyə çempionu futbolçusunu 2,5 milyona satdı

Türkiyənin “Trabzonspor” klubu gənc futbolçusu Enis Destanı Polşanın “Varta” (Poznan) komandasına icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə Trabzon təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı hücumçu 2022/23 mövsümünün sonuna kimi Polşa klubunun uğurları üçün çalışacaq. “Varta” bir illik icarə üçün Türkiyə klubuna 75 min avro ödəyəcək.

Enis Destan “Trabzonspor”a bu ilin yanvarında “Altınordu” klubundan transfer olunmuşdu. Gənc hücumçu Türkiyənin U-21 millisinə də dəvət alır.

“Trabzonspor” digər futbolçusu Berat Özdemiri isə Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna satıb. 24 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb. “Əl-İttifaq” bu transferə görə Türkiyə klubuna 2,5 milyon dollar ödəyib. Trabzonlular futbolçunun gələcəkdəki mümkün satışından da müəyyən faiz əldə edəcəklər.

Berat Özdemir də 2021-ci ilin yanvarından “Trabzonspor”da çıxış edirdi. Dayaq yarımmüdafiəçisi bu komandanın heyətində 50-dən çox oyun keçirib. O, əvvəllər yetirməsi olduğu “Gənclərbirliyi” və “Hacettepe”nin də uğurları üçün çalışıb. Futbolçu Türkiyə yığmasında da 1 oyuna çıxıb.