
“Trabzonspor” Onana ilə anlaşıb
2025/26 mövsümünü “Mançester Yunayted”dən icarə əsasında “Trabzonspor”da keçirən Andre Onana karyerasını daimi əsaslarla Türkiyə klubunda davam etdirə bilər.
Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, Trabzon klubunun prezidenti Ertuğrul Doğan kamerunlu qapıçının komandada qalmağa yaxın olduğunu açıqlayıb. Klub prezidentinin sözlərinə görə, futbolçu ilə şəxsi müqavilənin bütün şərtləri razılaşdırılıb:
“Düşünürəm ki, Onana komandada qalacaq. Onun maliyyə tələblərini qarşıladıq. Azarkeşlər onu sevir, özü də yaxşı insandır. Buna görə, problem yaranacağını düşünmürəm. Məncə, başqa yerdə ona bu səviyyədə maraq olmayacaq və o, bizimlə qalacaq”.
Onana 2025/26 mövsümünü icarə əsasında Türkiyə təmsilçisində keçirib və komandanın ölkə çempionatında üçüncü yeri tutmasına, eləcə də kuboku qazanmasına töhfə verib.
Bununla belə, “Mançester Yunayted”lə “Trabzonspor” arasında yekun razılaşma hələ əldə olunmayıb. Ancaq İngiltərə klubunun bu yay qapıçının satılmasına müsbət yanaşdığı bildirilir.
Onana “Mançester Yunayted”ə 2023-cü ildə “İnter”dən transfer olunub. O, “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə 102 oyuna çıxıb, 150 qol buraxıb və 24 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Facebook-da izləyin



