Tofiq Bəhramovun “sudyalığ”ı, Dambrauskasın andı (ÇAYXANA)

Kürşad

– Ayəə, Əhməd, dünən baxdınmı “Sabah”la “Qarabağ”ın oyununa?

– Hə, baxdım a Məmməd. Dədeyin dədəmin goru haqqı, gecə yarısına kimi yatmayıb “tik tok”da “sudyalar”ı söyənnərin vidyolarına baxmışam. Deyir oyunnan əvvəl “Sabah”ın “axrannar”ı girib “sudyalar”ın otağına, hərəsinə bir şillə vurublar ki, “nidayboq” bizim hansısa oyunçumuza qırmızı “kart”, qapımıza penaldan-zaddan verəsiz.

– Ayəə, öyün tikilsin, bunu kim deyir?

– “Tik tok”da gördüm.

– Nə bilim, valla. Onu bilirəm ki, bizdə əvvəllər yaxşı kişilər, yaxşı “sudyalar” olub. O boyda Tofiq Bəhramovu yetişdirmişik biz.

– Əşşi, onu da biz yetişdirməmişik, “urus” yetişdirmişdi. Rəhməttiy sağ olsaydı, bizim çempionatın oyunnarında “sudyalıq” eləsəydi, başın üçün, indi onu da qatmışdılar o birilərə, “tik tok”da, “feysbuk”da söyürdülər.

– Canım üçün düz deyirsən, Əhməd. Amma mən baş açammıram ki, bu “Qarabağ” Çempionlar Liqasında o qədər qabağa getdi, özünnən güclü komandaları uddu, necə oldu bir dənə “Sabah”la bacarmadı.

– Bunnarın “trener”i var e, sarıbaş gədə, zalım oğlu çox yaxşı “trener”di. Adı nəydi ə, onun? Dilimə də yatmır adı, Dumbrauskasdı, Domburauskasdı, nədi.

– Həə, “urus”.

– Ayə, yox, “urus” döyül. “Urus”un burda nə iti azıf? Odeyy, Putin yığıb hamısını göndərib ukraynalılarla müharibəyə. Bu latviyalıdı, ya da litvalı, elə bir şey.

– Hə, hə, onnardandı. Deyir bu “Sabah”a gələndə girib klub prezidentinin otağına, and içib ki, mən nə qədər ki, burdayam, “Qarabağ” heç nə qazanmıyacax.

– Olar, olar, yaman möhkəm “trener”di. Amma bu sarı gədədən çox, “Qarabağ”ın özü özünə problem yaradır. Bunnarın bir müdafiəçisi var e… Adı nəydi onun, əə? Elnur idi, Elvin idi, nə idi?

– Elvin Cəfərquliyevimi deyirsən, ayə?

– Ay sağ ol, ölənnərin rəhməttiy. Deyir bu Elvin gedib Qurbana deyib ki, daha burda oynamaq istəmirəm, məni “Qalatasaray” istəyir. Qurban da əlini çırpıb stola, deyib ki, get 10 milyon al gətir, qoy stolun üstünə, hara istəyirsən get. Onnan sonra pozuluşublar bunnar.

– Bizimkilər belədi dəəə. Bir az tanındılar, vəssalam, özlərini Messi, Ronaldo sayırlar. Tifaqın dağılmasın, oynayırsan da “Qarabağ”da gül kimi, sənə lazımdır Qurbannan tərs düşmək? Özü də, “Qarabağ”dan başqa, heç yerdə oynayan döyül bu Elvin. Neçəsi gedib, görmüşük dəə.

– Allah bilən məsləhətti… Ayə, Məmməd, çay deyifsənmi? Dilim-damağım qurudu bayaxdannan.

– Hə, bayaxdan demişəm, zalım oğlu gör baxırmı heç bizim stola? Ayəə, qardaşoğluuu! Nə oldu bizim çay? Gətir görək, dilimiz-damağımız qurudu tay.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button