“Qarabağ”la oyunu heç vaxt unutmayacam” – Müsahibə

“Sumqayıt” klubunun və Azərbaycan milli komandasının qapıçısı Aydın Bayramovun Komanda.az saytına müsahibəsi:

  • Bu mövsüm komandanın çıxışını necə dəyərləndirirsən?
  • Mövsümə çox yaxşı başlamışdıq. İki oyun, iki qələbə. Təəssüf ki, sonrakı oyunlarda istədiyimiz nəticələri qazana bilmədik. Amma bu vəziyyətdən çıxacağımıza inanıram. “Sumqayıt” komandası olaraq növbəti oyunlara köklənmişik. İnşallah, istədiyimiz nəticələri qazanıb, azarkeşlərimizi yenidən sevindirəcəyik.
  • Ötən turun “Sabah”la matçında məğlub olduz. Nəticədən çox hakim qərarı müzakirə olundu. Amma sənin də kobud səhvin var idi. Səhvinin qolla nəticələndiyi həmin epizodda nə etməyi düşünürdün?
  • Səhvsiz insan olmadığı kimi, səhvsiz də futbolçu yoxdur. Çox təəssüf ki, belə alındı. Topu istədiyim kimi uzaqlaşdıra bilmədim, nəticədə qapımızdan qol buraxdıq. Səhvə görə çox üzülürəm.
  • Ötən mövsüm az oyuna çıxsan da, özünü yaxşı tərəfdən göstərdin. Hətta milliyə dəvət aldın, “Sumqayıt”ın əsas oyunçusu oldun. İndiki çıxışını necə dəyərləndirirsən?
  • Mənim çıxışımı yalnız məşqçilərim dəyərləndirə bilər. Səhvlərim çoxdur, üzərində var qüvvəmlə çalışıram ki, təkrarlanmasın.
  • Azərbaycan çempionatında ən çox çəkindiyin hücumçu kimdir?
  • Ümumi götürsək, bir qapıçı olaraq heç kimdən çəkinmirəm. Bizim Premyer Liqada həqiqətən, çox səviyyəli futbolçular var. Oyun üslubuna görə isə Tiaqo Bezerra və Anatole Abanqın oyununu vurğulaya bilərəm.
  • Bu günə qədər keçirdiyin unudulmaz oyunun hansıdır?
  • Yaddaşımda unudulmaz oyunlar o qədər də çox deyil. Amma ötən mövsüm Azərbaycan kubokunun yarımfinalının cavab qarşılaşmasında “Qarabağ”la baş tutan oyunu heç vaxt unutmayacam. Həmin qarşılaşmada penaltilər sonrası qələbə qazanaraq, “Sumqayıt”ın tarixində ikinci dəfə kubokun finalına vəsiqə qazanmışdıq.
  • Azərbaycan milli komandasına dəvət almağında həmin matçın böyük rolu oldu. Yığmanın gələn ay DÇ-2022-nin seçmə mərhələsində oyunu var. Dəvət gözləyirsənmi?
  • Milli komandaya dəvət hər bir futbolçunun arzusudur.
  • Ən sevdiyin qapıçı kimdir?
  • Avropa arenasında “Mançester Yunayted”in qapıçısı David de Xeanın adını vurğulaya bilərəm.
  • Azərbaycan çempionatında xüsusi fərqləndirəcəyin qapıçı varmı?
  • Yerli qapıçılarımızın hamısını bəyənirəm, hər kəsə uğurlar arzulayıram. Milli komandadan həmkarım, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi fərqləndirərdim.
  • Futbolçu kimi hədəflərin nədir?
  • Hər bir insan kimi mənim də hədəflərim var. İnşallah, öz üzərimdə bir qədər də çalışıb, daha yaxşı olmağa çalışıram.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button