“Şübhəm yoxdur ki, Ukrayna bu müharibəni udacaq” – Rusiyaya qarşı döyüşən baş məşqçi

Moldovanın “Şerif” klubunun ukraynalı baş məşqçisi Yuri Vernidub Rusiya qoşunlarının ölkəsinə hücumu haqda danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, əlinə silah alıb Ukraynanı müdafiə etmək üçün döyüşə atılan 56 yaşlı mütəxəssis bunları deyib:

“Ötən həftənin dördüncü günü, səhər saat 4:30-da oğlum mənə zəng edərək dedi ki, Rusiya bizə hücum edib. Artıq mən bilirdim ki, Ukraynaya qayıdaraq döyüşəcəm. Beşinci günü mən komanda ilə Tiraspoldan Prindestrovyaya getdim. Altıncı günü səhər isə Ukraynaya yollandım. Tiraspoldan Ukraynadakı evimə çatmaq üçün 11 saat vaxt qət etdim. Yalan danışmayacam, yolda gördüm ki, xeyli kişi ölkəni tərk edir. Onlar qayıtsa, şad olaram. O zaman başa düşdüm ki, onlar kimi hərəkət edə bilmərəm. Özlüyümdə dedim ki, evə çatan kimi könüllü şəkildə orduya yazılacam.

Həyat yoldaşım, uşaqlarım, nəvələrim… Amma mən fikrimdən daşınmadım və dəstəyi üçün xanımıma təşəkkür edirəm. O, mənim xarakterimə bələddir. Kiçik oğlum səhhətinə görə orduda xidmət edə bilmir. Böyük oğlumu məcbur etmişəm ki, evdə qalsın. Onun iki uşağı var. Lazım olsa, o da gələcək, buna şübhə etmirəm. Mən həyat yoldaşımla burda qalacam. Hazırda münaqişə zonasından çox da uzaqda deyiləm. Əsas döyüşlər bizdən 120 kilometr uzaqda gedir. Amma mən seçimimi etmişəm və qorxmuram.

Gəncliyimdə orduda xidmət etmişəm. İki aylıq bu xidmət zamanı biz idmançılara nəzəriyyəni və silahla davranmağı öyrədirdilər. Amma bu, çoxdan olub. Deməzdim ki, silah işlətməklə bağlı problemim var. Mən ondan istifadə qaydasını bilirəm.

Putini və onun ətrafını anlaya bilmirəm. Mən ona etiraz etməyən rusiyalıları da başa düşmürəm. Fikrimcə, rusların çoxu nə baş verdiyini anlamır. Rusiyada hər şeyi olduğundan fərqli formada göstərirlər. Onlar deyir ki, bizi qovurlar. Kimi hardan qovursuz? Bizi faşist, nasist adlandırırlar. Mən onların etdiyini sözlə ifadə edə bilmirəm. Dinc sakinlərin evlərini bombalasalar da, iddia edirlər ki, hərbi infrastruktra zərbə endirirlər. Onlar yalan danışırlar. Şübhəm yoxdur ki, Ukrayna bu müharibəni udacaq. Bu faciə bizi millət olaraq birləşdirdi”.