Stadionda “İstefa” səslərini Elxan Məmmədov kəsdirib?

Futbol üzrə Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda Uels yığmasına məğlub oldu – 0:2.

Komanda.az xəbər verir ki, 8-ci km stadionunda baş tutan bu oyunda bəzi maraqlı məqamlar xüsusi diqqət çəkdi. Belə ki, arenaya toplaşan 1200-dən çox uelsli fanat yerli azarkeşlərlə müqayisədə daha fəal təsir bağışladı. Uelsli futbolçular da uzun yol qət edib Bakıya gələn tərəfdarlarını sevindirməyi bacardılar.

Yığmamız isə həmişəki kimi, yenə azarkeşlərini məyus etdi. Amma əvvəlki oyunlardan fərqli, nədənsə bu oyunda arenaya toplaşan fanatlar AFFA rəhbərliyini, xüsusilə hər kəsin narazı olduğu qurumun baş katibi Elxan Məmmədovu istefaya səsləmədi. Uelslə matçda stadion bu baxımdan sükut içində idi. Görünür, ya baş katib Elxan Məmmədov həmin narazı azarkeşlərin stadiona buraxılmamasına nail olub, ya da futbolsevərlər milli komandadan tam əllərini üzüblər.