“Bu komandada nə olur, nə baş verir, mənə aidiyyatı yoxdur və türklər demiş, umrumda deyil” – Müsahibə

Son olaraq “Zirə”ni çalışdıran və ötən ilin oktyabrından işsiz olan Samir Abasovun Komanda.az saytına müsahibəsi:

– Samir bəy, hazırda nə işlə məşğulsuz?

– İşsizəm.

– Oktyabrdan bu yana heç təklif olmayıb?

– Yox, heç bir təklif yoxdur. Elə məşqçilər var ki, illərlə işsiz qalır. Mən bunu dərd eləmirəm. Təklif olacaq işləyəcəm, olmayacaq da futboldan uzaqlaşacam. Bu gün hardansa təklif yoxdur. Olacaqsa, olar, olmayacaqsa da, Allah kərimdir.

– Milli komandanın baş məşqçisi postuna namizədlər ancaq xaricilərdir. Sizin təklifiniz nədir?

– Bu mövzu artıq çox danışılıb. Kimdən soruşulubsa, bunların içində futbol adamları da var ki, deyiblər, gələn məşqçinin yerli olması yaxşıdır. Mən də bu fikirdəyəm.

– Bəs nə üçün hamı yerli deyirsə, namizədlər ancaq xaricilərdən ibarətdir?

– İnandırım sizi, bu fikir heç kimi maraqlandırmır. Yerli olması da mümkünsüz görünür. Ancaq bu o demək deyil ki, mən fikrimi dəyişib, xarici məşqçi istəyəcəm. Xarici məşqçinin bizə verəcəyi bir şey yoxdur. Artıq futbolçular da, futbol adamları da, hamısı yerli məşqçinin üstündə durur. Ancaq bu fikir kimi maraqlandırır? Siz soruşun, biz deyək, ancaq nə dəyişəcək?

– Xeyli azarkeş milli komandaya sizin gəlməyinizi istəyir. Siz nə düşünürsüz?

– Mən həddindən artıq sevinirəm, vallah, çox sağ olsunlar. Azarkeşlərin, futbol adamlarının inamı var. Ümumilikdə, doğrusu yerli məşqçinin olmasıdır. Bilirsiz necədir, pul mənim deyil, atamın deyil. Biz pulu elə-belə atacağıq çölə. Bu pulu başqa yönə – xeyir verəsi şeyə həsr edə bilərik. Gələn xarici məşqçinin xeyri də dəyə bilər, amma mən dəyişə biləsi nəsə görmürəm.

– Son iş yeriniz olan “Zirə”də hazırda vəziyyət ürəkaçan deyil. Komanda son üç oyunda 12 qol buraxıb.

– “Zirə” mənim komandamdır” deyə, bir şey yoxdur. Ona qalsa, “Sumqayıt” da mənimdir. Arxaya baxmaq fikrində deyiləm. Mən keçmişə deyil, gələcəyə baxıram. Bu komandada nə olur, nə baş verir, mənə aidiyyatı yoxdur və türklər demiş, umrumda deyil. Niyə də olsun? Mən bu komandalardan uzaqlaşmışam. Burda nə baş verir, mənə aidiyyatı yoxdur. Rəhbərləri var, hansı ki, komandadan razıdırlar. Baş məşqçiləri var, onlar məşğul olsun. O komandanın içində olmadığım üçün bilmirəm uğursuzluğun səbəblərini. Bu gün “Sabah” “Səbail”lə oynayır, gedib azarkeş kimi baxıram. Sabah “Zirə” oynayır, yenə azarkeş kimi izləyirəm.

– Tək “Zirə” deyil, “Qəbələ” də ikinci dövrəyə çox pis başlayıb: 4 oyun, 4 məğlubiyyət. Bir baş məşqçi kimi kənardan komandanı izləyəndə hansı problemləri görürsüz?

– Açığını deyim, “Qəbələ”nin vəziyyəti mənə pis təsir edir. Çünki “Qəbələ”yə nəinki mənim, çox insanın simpatiyası var. “Prosto” bunu deməyə çəkinirəm, dərhal başqa yerə yönləndirirlər. “Qəbələ”də çox görülmüş işin nəticəsi var. Akademiyadan çoxlu futbolçular çıxıb. Dörd məğlubiyyət pisdir, ancaq komandanın kubok şansları da var. Məndən onlara sadəcə uğur arzulamaq düşür.

– Son olaraq, Sezar Meza Kollinin milliləşdirilməsini düzgün hesab edirsizmi?

– Meza Kolli mənim üçün çox yaxşı futbolçudur. Bizim çempionat üçün çox yaxşıdır. Onun “Keşlə”də olmadığı oyunlarda yeri hiss olunur. Komandada əsl liderdir. Mən AFFA-ya haqq qazandırıram və anlayışlı qəbul edirəm. Bəziləri yaşını vurğulayır, ancaq bu gün biz sıx pəncərənin – 30-40 nəfərin arasında seçim edirik. Meza Kolli kimi oyunçu bura düşəndə AFFA da bu addımı atır. İstəyirəm ki, Meza Kolli millləşdirilsin və bizim komandada oynasın. Həqiqətən, çox yaxşı futbolçudur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button