SOCAR əldən getdi, bəs futbol?

Kürşad

SOCAR-ın başında Mikayıl Cabbarovun olacağı Müşahidə Şurasının nəzarətinə verilməsi ölkə futbolunun taleyinə də ciddi təsir etməlidir. AFFA demək olar, Azərbaycandakı futbol klublarının 90 faizinə SOCAR xəttiylə sponsorluq edir. Dünyada analoqu olmayan, rüsvayçılıqda tayı-bərabəri olmayan vəziyyətdir.

İnsafən, vəziyyətin bu cür olmasının yeganə günahkarı Rövnəq Abdullayev, ya da Elxan Məmmədov deyil, bizim ölkədə sistem özü eybəcərdir, rəqabət mühiti futbolda olmadığı kimi, iş adamları, şirkətlər arasında da yoxdur. Amma istənilən halda, dəyişiklik yaxşı şeydir.

Sadəcə, qorxulu o ola bilər ki, illərdir Azərbaycan futbolunun boğazından yapışan Elxan Məmmədov yeni komandada da yer alar. Adam neçə ildir hansısa əlahiddə bacarığına görə yox, kimlərinsə arxa-dayaq durması, “day-day” hesabına futbolun başında dayanıb.

Ümumiyyətlə, Azərbaycan futboluna kim və ya kimlər rəhbərlik etməlidir? Düzü, seçim çox azdır. Bir-iki nəfər istisna olmaqla, düşünəndə göz önünə ancaq yaltaq sürüsü gəlir. Hələ bunların arasındakı “fitri” savadsızları demirəm.

Xülasə, topumuzu götürüb, kənarda dayanaq və görək SOCAR-ın bundan sonrakı planlarında futbol hansı yerdə olacaq.