Şahin Diniyev: “Qəbələ”nin durumu təəccüblüdür”

“Səbail” Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, “Səbail”in baş məşqçisi Şahin Diniyev oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bizim üçün çox əsəbi oyun idi. Dörd oyun idi qələbə qazana bilmirdik. Dünyanın istənilən yerində komandarda eniş olur. Gərgin oyun idi. Futbolçuların içində həyəcan, qorxu hiss olunurdu. Bunu çıxarmaq lazım idi. Düşünürəm ki, bu gün komanda rahat oynadı. Ağıllı futbol oynayaraq layiqli qələbə qazandıq. Yolumuz uzundur. Bu yolda eniş də var, yoxuş da. Qışda bir az da güclənməliyik.

“Qəbələ”yə uğurlar arzulayıram. Onlar sonuncu olmağa layiq deyillər. “Qəbələ”nin durumu təəccüblüdür. İnanmıram ki, bu komanda Premyer Liqanı tərk etsin. Bu düşüş bizdə də olur. Məncə, tez bir zamanda bu durumdan çıxacaqlar. “Qəbələ” futbol oynaya bilən komandadır. Oyundan əvvəl desəydilər ki, 3:0 udacaqsız, deyərdim ki, yəqin sənin problemin var. “Qəbələ” olmasa, o meydançalar, o uşaqlar kimə qalacaq? Bunu da düşünmək lazımdır. “Qəbələ”nin yox olması Azərbaycan futboluna böyük zərbə olacaq.

Hazırda normal yerdəyik, avrokuboklardan çox uzaq deyilik. Buna görə də, risk etmək lazım olacaq. Qışda üç futbolçu transfer etməyə çalışacağıq. Zədəlilərimiz də qayıdacaq. Transfer çalışmalarımız çoxdan başlayıb”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button