Şadlığına şitlik edən Musayev

Hüseyn Cəbrayıloğlu

Azərbaycan futbolundan nə qədər uzaq qalmağa çalışsan da, mütləq hansısa hadisə səni danışmağa məcbur edir.

Ölkə futbolunun yaxın keçmişində “at oynadan” “Xəzər Lənkəran”, “Bakı”, “İnter” kimi klublar tarixin yaddaşına köçdüyü bir zamanda paytaxtı təmsil edən neçəncisə klub “Sabah” son vaxtlar adından söz etdirməyə, diqqətləri cəlb etməyə başlayıb. Müşahidə etdiyim qədəri ilə əvvəl onlar da Azərbaycanın futbol  klubu idarəetməsində ana tezis olan  “məşqçiləri əlcək kimi dəyişmək” ənənəsinə sadiq qaldılar, enişli-yoxuşlu qrafikdən sonra Murad Musayev adlı mütəxəssisi komandanın başına gətirdilər. İndi işləri yolunda gedən “Sabah” ölkə futbolunda dominantlıq edən “Qarabağ”la başa-baş mübarizə aparır, hakimlər imkan versə,  ağdamlıları yaxalamaq, hətta turnir cədvəlində ötüb keçmək kimi sürprizə yaxın görünürlər.

Elə komandanın baş məşqçisi Murad Musayev də son müsahibəsində hakimlərdən o ki var, şikayətlənib. Adam haqlıdırmı? Bundan danışmaq istədim və yazdım. “Sabah”da illər əvvəl başqa klublardan tanıdığım dostlar var və onların yazımdan bəzi hissələri rusiyalı mutəxəssisə çatdıracağına inamım az  deyil.

Hörmətli Murad müəllim, Azərbaycanın cənub bölgəsində sıx yaşayan talış xalqının belə bir misalı var: Şadlığına şitlik etmək. Bax, siz də şadlığınıza şitlik edib, Elçin Məsiyevdən, Kamal Umudludan şikayət edirsiz. Nə var, nə var, qapınıza penalti təyin ediblər, komandanıza qarşı sizə görə daha sərt davranıblar. Siz yaxın keçmişdə Azərbaycan futbol hakimliyində Ramil Diniyev, Elçin Məmmədov kimi hakimlərin idarəçiliyini görməmisiz. Vaxt edib, onların idarə etdiyi oyunları izləyin, gecə-gündüz Kamala da, Məsiyevə də dua edin. Hələ böyüklük edib üzrxahlıq da edə bilərsiz.

Kamal Umudlu da, Elçin Məsiyev də hələ hakimliyə yeni başlayıblar və etdikləri səhvlərə görə bu qədər hay-küy salmağa gərək yoxdur. Onlar böyüyüb, böyüyüb bir Diniyev olsunlar ki… Amma indidən onları məhv etmək, “potensial”larını beşikdəcə dəfn etmək heç də yaxşı bir iş deyil.

Yeri gəlmişkən, sizin bir neçə dəfə  hakim qərarlarına etiraz edib, meydanın mərkəzinə qədər yeriməyiniz məni əməlli-başlı təəccübləndirdi. Buna görə sizə sadəcə qırmızı vərəqə veriblər. Zalım balası, buna görə müsahibə verməyə, etiraz etməyə nə lüzum var?

Həqiqətən də, şadlığınıza şitlik edirsiz e. İllər əvvəl Azərbaycanda çalışan Mirça Rednik adlı rumıniyalı həmkarınızı 10 oyunluq texniki zonadan qovmuşdular. Bilirsiz niyə? Başındakı papağı yerə vurduğuna görə.

Murad müəllim, hələ siz PFL-in keçmiş prezidenti Ramin Musayevi görməmisiz. Təkcə buna görə 365 gün oruc tutub, şükr etməyə dəyər. Düzdür, elə də pis adam deyildi. Amma indi iş başında olsa idi, sizin bu sərbəstliyiniz və uğurlarınız qarşısında “Rusiyanın Ukraynaya təcavüzü fonunda bu rusun burada nə işi var?” açıqlamasını hər an dilə gətirə bilərdi. Hələ mikrofonlardan kənarda klub rəhbərliyinə “əşşi, bu tatdır, nədir, qovun getsin” məsləhətini demirəm. Odur ki, başınızı salın aşağı, işinizi görün. Vallah, indi yaxşı vaxtdir. Çox da şey eləməyin!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button