
“İnfantino əvvəldən Afrika kubokunu Mərakeşə vermək istəyirdi”
Seneqal və Kamerun millilərinin sabiq baş məşqçisi Klod le Roy Afrika Millətlər Kubokunun finalı ilə bağlı qalmaqallı qərara sərt reaksiya verib.
Təcrübəli mütəxəssis Afrika Futbol Konfederasiyasının (CAF) Mərakeş millisini çempion elan etməsini və Seneqal yığmasına texniki məğlubiyyət verilməsini “gülünc” adlandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Le Roy, CAF-ın prezidenti Patris Motsepeni də tənqid edərək, onun Canni İnfantinonun (FİFA-nın prezidenti) vassalı olduğunu bildirib:
“İnfantino əvvəldən bu kuboku istənilən yolla Mərakeşə vermək istəyirdi. Mərakeş yaxşı çıxış etdi, amma finalda daha güclü tərəf Seneqal idi”.
Mütəxəssis qərarın oyundan iki ay sonra verilməsini qəbuledilməz sayıb və qurumun nüfuzuna ciddi zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, bu qərar futbol ictimaiyyətində istehza ilə qarşılanacaq.
Le Roy həmçinin, bildirib ki, məsələ böyük ehtimalla, apellyasiya mərhələsindən sonra İdman Arbitraj Məhkəməsinə qədər gedib çıxacaq.
Seneqal Futbol Federasiyası bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verməyə hazırlaşır.
2026-cı il yanvarın 18-də Rabatda keçirilən final matçında seneqallılar qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk etmişdilər. Təxminən 15 dəqiqəlik fasilədən sonra geri qayıdan komandanın qapıçısı Eduard Mendinin sayəsində penaltini dəf etmiş, əlavə vaxtda isə Pape Quyenin qolu ilə 1:0 hesablı qələbə qazanmışdılar.
Bizi Facebook-da izləyin



