“Sabah”ın stadionunun adı dəyişdi – Rəsmi

“Bank Respublika” ilə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah” klubu arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.

Komanda.az “Sabah”ın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, müqaviləyə əsasən, “Sabah”ın Azərbaycan Premyer Liqasında mübarizə aparan əsas və 1-ci divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən “Bank Respublika Arena” adlanacaq. Bu müddətdə bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov yeni razılaşmayla bağlı bunları deyib:

“Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il “Bank Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion “Bank Respublika Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma “Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar.”

“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov da əməkdaşlıqla bağlı fikirlərini bildirib:

“Biz inanırıq ki, “Sabah”la olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin “Bank Respublika Arena” adlanması, bankımızın Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq.”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button