“Sabah”ın Bəhlulun “Əl Əyn”ə keçidindən qazancı Komanda.az-da! – Belə transfer olmayıb

Futbol üzrə Azərbaycan millisinin və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadənin karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl Əyn” klubunda davam etdirəcəyini xəbər vermişdik.

Komanda.az saytı bu transferlə bağlı bəzi yeni faktlar əldə edib. 24 yaşlı futbolçunun keçidi “Sabah”ı maddi baxımdan xeyli irəli salacaq. Əldə etdiyimiz məlumata görə, “Əl Əyn” Azərbaycan klubuna 500-600 min avro (1-1,2 milyon AZN) arası təzminat ödəyib. Azərbaycan futbolu tarixində yerli futbolçunun bu məbləğə transferi rekorddur.

Təbii ki, bir klubun belə bir təklifdən imtina etməməsi başadüşüləndir. Milli üzvü olan bir futbolçunun ölkə xaricində legioner həyatı yaşamasına şərait yaradılması da alqışlanmalıdır. Üstəlik, futbolçu özü də digər təkliflər olmasına baxmayaraq, karyerasını məhz “Əl Əyn”də davam etdirməyi üstün tutub.

BƏƏ klubu hələ Bəhlulun transferini rəsmən açıqlamayıb. Hazırda futbolçu və onun yeni klubu sənəd məsələlərinin həllinə çalışır. Böyük ehtimalla, yaxın günlərdə Mustafazadə sözügedən ölkəyə yollanacaq və rəsmi müqaviləyə imza atacaq. Onun yeni klubu ilə üç illik sözləşmə imzalaması gözlənilir.

“Əl Əyn”in baş məşqçisi ötənlərin məşhur futbolçusu, Ukrayna millisinin sabiq hücumçusu Sergey Rebrovdur. 47 yaşlı mütəxəssis ötən ay bu komandaya baş məşqçi təyin olunub.

Bəhlul Mustafazadə “Qəbələ”nin yetirməsidir. O, hələ bu klubda olarkən 2017/18 mövsümünü “Sumqayıt”da icarədə keçirib. 2019-cu ildən isə müdafiəçi “Sabah”ın uğurları üçün çalışırdı.