“Sabah”ı “Sabah” edən adam və ya hər kəsin unutduğu “taksi sürücüsü”

Vüqar Məmmədov

Mövsüm başlayanı “dünənəcən” hələ beç bir  qələbəsi olmayan, ciddi bir şeylə yadda qalmayan “Sabah” komandası qısa müddətdə özünə gəldi və iddialı, yüksək pillələr uğrunda mübarizə aparan “Səbail”i böyük hesabla məğlub edə bildi. Bəs nə baş verdi ki, bu komanda birdən-birə “dirildi”? Sosial şəbəkələrdə bu barədə müzakirələrə rast gəlinir və hərə öz versiyasını irəli sürür. Biz də öz versiyamızı irəli sürək.

İqor Ponomaryov bizim nəslin bir çox uşağı kimi, mənim də kumirim olub. Amma “Sabah”ın özünə gəlməsində onun həlledici rol oynamasını düşünmürəm. Təbii ki, burda fərdin rolunun olması dəqiqdir. Amma bu fərd Ponomaryov deyil. Bu, düşünürəm ki, Rövşən Babayevdir. Əlbəttə, hər adam istənilən iddianı ortaya ata bilər. Ancaq bunun arxasında əsas olmalıdır. Siz də soruşa bilərsiz ki, hansı əsasla deyirsən, yazırsan ki, Babayev “Sabah”ı “dirildib”? Yaxşı, əsaslandırmağa çalışaq…

Rövşən Babayev işlədiyi hər yerdə nəticə verib. “İnter”in aşağı yaş komandalarında, “Simurq”da baş məşqçi işləyərkən, məşqçi köməkçisi olduğu komandalarda və s. Son iki mövsüm “Xəzər”də və “Sabah”da Elşad Əhmədovun  köməkçisi olduğu vaxtlarda da bu komandalar nəticə verib. “Xəzər” birinci divizionun çempionu olub, “Sabah” da debütant kimi yerini Premyer Liqada qoruya bilib. Babayev bu mövsüm əsas komandadan uzaqlaşıb və “Sabah-2”-yə keçib. Nəticədə nə baş verib? “Sabah”ın əsas komandası autsayderə çevrilib, əvəzediciləri isə birinci divizionda liderlər arasındadır, yalnız “Turan-Tovuz”dan geri qalır. Düşünürəm ki, burda da əsas səbəb Babayev amilidir və yəqin ki, Elşad Əhmədovun da başlıca səhvi köməkçisini yanından buraxması olub.

Bir adama qiymət vermə meyarı, kriteriyası əsasən həmin adamın verdiyi nəticədir. Amma bizdə bəzən bu meyarlar nəzərə alınmır. Nə demək istədiyimi başa düşmək üçün Mozalanın “Məsələ yerdə deyil” adlı iki dəqiqəlik qısa, amma mənalı buraxılışına baxmağınız məsləhətdir (https://www.youtube.com/watch?v=NOcWmkYdEvc).

Soruşa bilərsiz, bəs bu adam belə bacarıqlıdırsa, niyə nəzərə çarpmayıb, klubların diqqətini çəkməyib? Bu vaxtadək harda olub ki, biz tanımırıq? Birincisi, bacarıqlı mütəxəssisi tanımaq üçün elə bacarıqlı, müşahidə qabiliyyəti olan rəhbər, menecer olmalıdır ki, baxsın, müşahidə etsin, necə deyərlər, tükü tükdən seçə bilsin. Yoxsa onun bacarıqlı olması alnına yazılmayıb ki? Bizdə bu cür, mütəxəssisi tanıya bilən rəhbər çox azdır. İkinci və əsas səbəb budur ki, Rövşən Babayev çox təvazökar insandır, özünü gözə soxmur, etdiklərini şişirtmir. Bu səbəbdən, futbol ictimaiyyəti onu elə də ciddi tanımır. Ancaq mən onu şəxsən tanıyıram və tanıdığımdan, istər-istəməz, karyerası ilə bağlı mətbuatda rastıma çıxan bəzi şeylər yaddaşımda qalıb. Və düşündüm ki, onun tanınması futbolumuz üçün faydalıdır.

İş elə gətirib ki, Rövşən Babayevlə mən eyni vaxtda AFFA-nın məşqçi kurslarında iştirak etmişik və imtahan vermişik. Detallarına varmadan bircə onu deyə bilərəm ki, imtahanlarımız ayrı-ayrı kateqoriyalardan olub. Bu kurslarda onun imtahanlar zamanı, imtahan verən digər məşqçi yoldaşlarına kömək etdiyini də müşahidə etmişəm.

Məşqçinin öz futbolçusuna həssaslıqla yanaşması vacib şərtdir. Çünki futbolçu robot deyil, canlı insandır. Məşqçini məşqçi edən futbolçularıdır. Hansısa çalışdırıcı futbolçusuna mexanizmin bir hissəsi olan cansız əşya kimi baxsa, onda həmin məşqçi çox inkişaf edə bilməz. Təbii ki, futbolçu meydanda avtomatik olaraq məşqçinin qurduğu sistemin bir parçasına çevrilir. Amma təkrar yazırıq, futbolçu insandır, psixologiyası, yaxud dini terminlə desək, ruhu var. Bu səbəbdən də, məşqçinin futbolçusuna həssaslıqla yanaşması vacibdir. Bu baxımdan bir hadisəni yada salmaq yerinə düşər.

Xatırlamadığım bir mənbədən oxumuşdum ki, Rövşən Babayevin “Simurq”da işlədiyi vaxt Nicat Muxtarov adlı futbolçusu maddi problem yaşayır. Aldığı məvacib isə onun problemlərini ödəmir. Təbii ki, bu problemlər futbolçunun oyununa da təsirsiz ötüşmür. Belə vəziyyətdə baş məşqçi Babayev Nicatın problemi ilə şəxsən maraqlanır və öz cibindən pul verir ki, problemlərini həll edə bilsin. Sonrakı mərhələlərdə, başqa klubda oynayarkən Nicatın başına nələrin gəldiyini mətbuatdan bilirik. Düşünürəm ki, bu cür həssaslıq ona qarşı sonralar olmadı.

Rövşən Babayev bir müddət iş tapmayıb, taksi sürürdü. Bəzən “futbolumuz niyə inkişaf etmir, yaxud niyə ləng inkişaf edir” suallarının cavabı belə sadə məsələlərdə gizlənir. Yəni  işini yaxşı bilən mütəxəssis öz sahəsində çalışa bilmir və başqa işlə məşğul olur. Amma yenə də, yaxşı ki, Babayev futboldan kənarda çox qalmadı, biliyi, bacarığı olan sahəyə qayıtdı və fikrimcə, sözünü deyəcək.

Proqnoz verməyi xoşlamıram. Ancaq etdiyim müşahidələr əsasında apardığım analizlər və gəldiyim nəticə məni yanıltmırsa, düşünürəm ki, Babayev əsas komandada qalsa, nəticə verəcək. Ponomaryov da, Babayev də bakılıdırlar və bir-birlərini gözüyumulu başa düşəcəklər.

Hə bir də, bir müddət sonra hamı baş məşqçi kimi Ponomaryovu öyəndə unutmasınlar ki, İqor Anatolyeviç bunu tək etməyib. Onun yanında Rövşən adında bacarıqlı, işini bilən bir oğlan da olub. Elşad Əhmədov “Xəzər”lə birinci divizionun çempionu olarkən və ötən mövsüm “Sabah”ı Premyer Liqada saxlayarkən, məhz bu amil nəzərə alınmamışdı. Bir çoxu tərəfindən…